Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu mayın ortalarından Şəki-Qax-Oğuz bölgəsində aşkarladığı 8 qədim yaşayış məskənində arxeoloji kəşfiyyat qazıntı işlərinə başlayacaq.
İnstitutun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov Trend-ə bildirib ki, ötən ilin oktyabrından bu ilin yanvarınadək aparılmış tədqiqatlar nəticəsində Şəki-Zaqatala-Qax bölgəsinin qış otlaqlarının ərazisində son tunc - inkişaf etmiş dəmir dövrünə aid 8 qədim yaşayış məskəni aşkarlanıb.
Muxtarov bildirib ki, həmin kəndlərin ərazisi ümumilikdə 50-60 hektardır. Kəndlərin 4-ü Qax, 1-i Zaqatala rayonunun qış otlaq, qalan 3 kənd isə Şəki rayonunun ərazindədir.
Şəkidəki kəndlərin biri şəhərin 5-6 km-lik məsafəsində, qalan iki kənd isə Şəki rayonunda çay vadisində yerləşir.
Muxtarov qeyd edib ki, arxeoloji kəşfiyyat qazıntı işləri iyuladək davam edəcək.