...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi işçi axtarır

Cəmiyyət Materials 26 May 2011 18:25 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbul olmaq arzusunda olan şəxslər üçün müsabiqə elan edib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi işçi axtarır

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbul olmaq arzusunda olan şəxslər üçün müsabiqə elan edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vakant əməliyyatçı və mütəxəssis vəzifələrinə qəbulun həyata keçirilməsi ilə əlaqədar elan edilib.

Əməliyyatçı işi üzrə müsabiqəyə bir qayda olaraq yaşı 35-dən yuxarı olmayan, ali hüquq təhsilli, əməliyyat-axtarış fəaliyyətinin subyektləri olan dövlət təsisatlarının müvafiq akademiyaları və digər tədris müəssisələrində əməliyyat işi üzrə kursları bitirmiş, ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar.

Mütəxəssis işi üzrə müsabiqədə iştirak etmək üçün maliyyə, bank, mühasibat, əmtəəşünaslıq, tikinti, nəqliyyat, əmlak, sosial müdafiə, kənd təsərrüfatı, torpaqşünaslıq, kommunal xidmətlərdən istifadə və informatika sahələri üzrə ən azı 10 il iş stajı olan, ali təhsilli, bir qayda olaraq yaşı 40-dan yuxarı olmayan şəxslər müraciət edə bilərlər.

Sənədlər Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) iyulun 2-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan saat 17:30-dək qəbul olunacaq.

Baş Prokurorluq üzrə 26 may tarixli sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində fəaliyyət göstərən Əməliyyat və Əməliyyat təminatı şöbələrinin, habelə Mütəxəssislər qrupunun kadr tərkibinin formalaşdırılması üçün müvafiq əməliyyatçılar və mütəxəssislərin işə qəbulunun həyata keçirilməsi məqsədilə Müsabiqə komissiyası yaradılıb.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, işləmək istədiyi vəzifəyə yararlılığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə müsahibədən ibarət müsabiqə təşkil ediləcək.

Mütəxəssislərin seçimi ilə əlaqədar keçirilən müsabiqədə Maliyyə Nazirliyi, Hesablama və Auditorlar palatalarının yüksək ixtisaslı əməkdaşlarının iştirakı təmin ediləcək.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Müsabiqənin tarixi və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında /www.genprosecutor.gov.az/ və qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcək.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23, 492-63-62 nömrəli telefonlara müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti