...

Bakıda Azərbaycan - Latviya ətraf mühitin bərpasına yönəlmiş yaşıl iqtisadiyyat üzrə Biznes Forumu keçirilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 İyun 2011 12:40 (UTC +04:00)
Bakıda bazar ertəsi Azərbaycan - Latviya ətraf mühitin bərpasına yönəlmiş yaşıl iqtisadiyyat üzrə Biznes Forumu işə başlayıb.
Bakıda Azərbaycan - Latviya ətraf mühitin bərpasına yönəlmiş yaşıl iqtisadiyyat üzrə Biznes Forumu keçirilir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:11-də yayılıb)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakıda bazar ertəsi Azərbaycan - Latviya ətraf mühitin bərpasına yönəlmiş yaşıl iqtisadiyyat üzrə Biznes Forumu işə başlayıb.

Trend-in məlumatına görə, Forumun işində Latviya Respublikasının ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis, həmçinin Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri iştirak edirlər.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, Azərbaycan ekologiya sahəsində bir çox layihələr həyata keçirir. Bu layihələr suyun keyfiyyətinin yüksəldilməsi, vəhşi təbiətin bərpası və s. ilə bağlıdır. Nazir hesab edir ki, Latviya şirkətləri müxtəlif ekoloji layihələrin həyata keçirilməsi baxımından Azərbaycanda yaxşı partnyorlar tapa bilərlər.

Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis isə deyib ki, içməli suyun, çirkli ərazilərin təmizlənməsi, tullantıların idarəolunması sahəsi üzrə Latviyanın yaxşı təcrübəsi var. Latviyalı nazir Azərbaycana bu sahələr üzrə yardım göstərə biləcəyini də söyləyib.

"Biz demək olar ki, eyni "xəstəlik"dən əziyyət çəkirik. Öz təcrübəmizdən bilirəm ki, ilk növbədə bu sahədəki problemlərin həlli vacibdir", - Veyonis əlavə edib.

Latviyada atom elektrik stansiyasının (AES) yaradılmasına münasibət bildirən Veyonis deyib ki, Latviya əhalisinin böyük hissəsi bunun əleyhinədir.

"Bizdə AES yoxdur və düşünürəm ki, tezliklə Latviyada AES qurulmayacaq", - Veyonis əlavə edib.

2009-cu ilin 25-28 iyun tarixlərində Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" imzalanıb.

Forumda Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycanın yaşıl iqtisadiyyata keçidi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində müzakirələr aparılır.

Tədbirdə hər iki ölkənin ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılır, müasir və qabaqcıl texnologiyalar, həmçinin Latviya və Azərbaycan şirkətlərinin bu sahədə gördüyü işlər nümayiş etdirilir.

Xəbər lenti

Xəbər lenti