...

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2011 15:23 (UTC +04:00)
Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşkilatçılığı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası işə başlayıb.
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşkilatçılığı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası işə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunda keçirilən Assambleyada Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya, Yunanıstan və Makedoniya Respublikasının milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak ediblər.

Assambleyada üzv ölkələrin milli informasiya agentliklərinin daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə AzərTAc-ın baş direktoru Aslan Aslanov açıb. O, BSANNA-nın növbəti - V Baş Assambleyasının Bakıda keçirilməsinin AzərTAc-ın bu təşkilatdakı fəaliyyətinə verilən yüksək qiymət və agentliyə göstərilən etimad kimi dəyərləndirib.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, BSANNA bu təşkilata üzv olan ölkələrin siyasi, iqtisadi, mədəni, ictimai həyatında baş verən hadisələrin işıqlandırılmasında böyük rol oynayır.

"Bu təşkilat Qara dəniz ölkələrinin informasiya resurslarından səmərəli istifadə edilməsi üçün həmin dövlətlərin milli informasiya agentliklərinin səylərini birləşdirən bir qurumdur", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının fəaliyyətində, onun mexanizmlərinin inkişaf etdirilməsində maraqlıdır.

Həsənov AzərTAc-ın sürətlə inkişaf etdiyini, onun dünyanın bir çox ölkələrində müxbir məntəqələrinin fəaliyyət göstərdiyini bildirib. Şöbə müdiri BSANNA-nın Azərbaycanda bu il keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun və gələn il "Eurovision-2012" musiqi yarışmasının geniş şəkildə işıqlandırılmasında əhəmiyyətli rol oynayacağına da əminliyini vurğulayıb.

Gürcüstanın GeoHotNews Agentliyinin baş direktoru, BSANNA-nın prezidenti Qoça Mirtsxulava çıxışında təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. O, BSANNA-nın veb-resursunun texniki imkanlarının artırılması, təşkilat üzvlərinin bu sayta administrativ çıxışının təminatı və digər təkliflər irəli sürüb. Tədbir müzakirələrlə davam etdirilib.

BSANNA 2006-cı ildə Kiyevdə keçirilən təsis konfransında yaranıb və AzərTAc BSANNA-nın təsisçilərindən biridir. V Assambleyadan sonra bu mediaquruma sədrlik Gürcüstanın GeoHotNews agentliyindən AzərTAc-a keçib.
BSANNA-nın prezidenti Qoça Mirtsxulava Assosiasiyada prezidenliyi AzərTAc-ın baş direktoru Aslan Aslanova təhvil verərək ona rəhbərliyi dövründə uğurlar arzulayıb.
Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə
olaraq qurumun rəhbər orqanı - Bürosu yaradılıb. Büroya BSANNA-nın prezidenti rəhbərlik edəcək. Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev, Gürcüstanın GeoHotNews agentliyinin baş direktoru Qoça Mirtsxulava və İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman büro üzvü seçiliblər.

BSANNA-nın VI Baş Assambleyasının gələn ilin iyunun əvvəlində Rusiyanın Soçi şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti