Azərbaycan, Bakı, 29 iyun /Trend/
Azərbaycan hökuməti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2011-ci il üçün xərclər smetasını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən çərşənbə günü bildirilib.
Qərara əsasən, KİVDF-yə 2,406 milyon manat vəsait ayrılıb ki, bundan 1,3 milyon manatı Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqininin stimullaşdırılması, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsinə ayrılıb.
Xərclər smetasında "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalları və "Ədəbiyyat", "Savalan" qəzetləri redaksiyalarına 709,2 min manat ayrılması göstərilib.