...

Ədliyyə Nazirliyi: Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı prosedur sadələşdirilməlidir

Cəmiyyət Materials 21 İyul 2011 13:51 (UTC +04:00)
Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir.
Ədliyyə Nazirliyi: Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı prosedur sadələşdirilməlidir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi prespektivləri" mövzusunda keçirilən "dəyirmi masa"da Ədliyyə Nazirliyinin Təşkilat Analitik İdarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O bildirib ki, Azərbaycanda doğulub, hansısa səbəbdən xaricdə yaşayan azərbaycanlılar öz yaxınlarını övladlığa götürmək istəyəndə, həmçinin Azərbaycan vətəndaşı olan qadın xarici vətəndaşa ərə gedəndə, uşağın atalığına övladlığa verilməsində digər əcnəbilərə münasibətdə daha sadə prosedur tətbiq olunmalıdır və qanunvericiliyin uşaqların xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlı hissəsində dəyişikliklər olunmalıdır.

Kazımov himayəçilik və qəyyumluq orqanlarının fəaliyyətinin daha da asanlandırılması, təkmilləşdirilməsi, bu qurumların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsini zəruri sayıb.

Rəis müavini ötən il məhkəmələrdə xaricə övladlığa vermə ilə bağlı 10 iddiaya baxıldığını, onlardan 7-si üzrə iddianın təmin olunduğunu, birinin rədd edildiyini, birinin baxılmamış saxlanıldığnı, birinin isə geri qaytarıldığını bildirib.

Bu işlərdən yalnız 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı təmin olunub. Digər 5 işdə Komitənin iştirakı təmin olunmayıb, komitədən uşağın övladlığa verilməsi ilə bağlı rəy alınmayıb. Belə olan halda komitə bu qərarlardan şikayət verə bilməz.

Kazımovun sözlərinə görə, məhkəmələr belə işlərə baxarkən mütləq komitənin prosesdə iştirakını təmin etməlidir.

O bildirib ki, Komitənin iştirakı olmadan baxılan 5 işdən 3-də uşaq öz doğma xalasına, 2-də isə atalığına övladlığa verilib.

Xəbər lenti

Xəbər lenti