...

ABŞ Dövlət Departamentinin insan alverinin vəziyyəti barədə hesabatında Azərbaycanla bağlı məqamlar qərəzlidir - deputat

Cəmiyyət Materials 23 Avqust 2011 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

ABŞ Dövlət Departamentinin 2010-cu il üzrə dünyada insan alverinin vəziyyəti ilə əlaqədar hesabatında Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzli xarakter daşıyır və reallığı əks etdirmir. Bu barədə çərşənbə axşamı Trend-ə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib.

Onun sözlərinə görə, hesabatda qeyd olunur ki, Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə və seksual zorakılığa məruz qaldığı ölkədir.

"Məcburi əmək" termininin beynəlxalq təcrübədə də anlayışı yoxdur. Məcburi əməyin ilk xüsusiyyəti məcburi şəxsin öz iradə və mənafeyinin əleyhinə bu işə cəlb olunmasıdır. Ümumi şəkildə bunun Azərbaycan haqqında yazılması düzgün deyil", - o deyib.

Hesabatda qeyd olunan Azərbaycanda küçə ticarəti ilə məşğul olan çinli qadınların məcburi əməyə cəlb olunması ilə bağlı Cəbrayılov bildirib ki, istənilən bir ölkə vətəndaşının Azərbaycanda sərbəst, lisenziya almadan ticarətlə məşğul olması ölkədə irqi, dini, milli tolerantlığın hökm sürməsindən xəbər verir.

Hesabatda, həmçinin, azərbaycanlı kişilərin Rusiya və Ukraynaya aparılaraq məcburi əməyə məruz qoyulması qeyd olunur.

"Tarixən həmvətənlərimiz göstərilən ölkələrə gedərək orada iş qururlar. Mövcud əlaqələri nəzərə alaraq azərbaycanlıların guya həmin ölkələrdə məcburən əməyə cəlb olunmasını söyləmək absurddur", - millət vəkili deyib.

O, əmək miqrasiyasının dünyanın hər yerində mövcud olduğunu söyləyərək bildirib ki, insan əməyinin istismar olunması əməkhaqqının yüksək olduğu ölkələrdə daha çox baş verir. "Azərbaycan isə ucuz işçi qüvvəsinin gətirilərək məcburi işə cəlb olunduğu ölkələr sırasına daxil deyil", - o qeyd edib.

Millət vəkili bildirib ki, ölkədə insan alveri ilə əlaqədar problemlər əsasən fahişəliyə və uşaqların dilənçiliyə cəlb olunması ilə bağlıdır. Cəbrayılov eyni zamanda qeyd edib ki, bu problıemlərin də məcburi əməyə cəlbetmə kimi qeyd olunması düzgün deyil, çünki bir çox hallarda insanlar öz istəyi ilə fahişəliyə qurşanır, dilənçilik etmək isə ölkə ərazisində məskunlaşan qaraçıların etnik xüsusiyyətidir.

Cəbrayılov vurğulayıb ki, Azərbaycanda digər bir problem nikahdan kənar doğulan uşaqların sayının çox olması ilə bağlıdır. O bildirib ki, onların sənəd alması çətin prosesdir və sənədi olmayan uşaqlar da gələcəkdə insan alverinə cəlb olunacaq potensial qurbanlardır.

"Bu kimi problemləri görməyərək hansısa QHT və ya digər təşkilatların məlumatları əsasında hesabatın hazırlanması və Azərbaycana ləkə yaxılması düzgün deyil", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti