Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir X.Murtuzayeva/
Avstraliyada dünyada ilk dəfə olaraq Altsheymer xəstəliyinin inkişafını dayandırmağı vəd edən dərmanın sınağına başlanılır. Dərman zərərli proteinin toplanmasına imkan verməməlidir. Tədqiqat üçün Avstraliyadan və daha 14 ölkədən xəstəliyin hələ özünü aşkar şəkildə büruzə vermədiyi könüllülər cəlb edilib. Bu barədə Trend cümə axşamı ABC News agentliyinə istinadən xəbər verir.
Alimlər yaddaşın xeyli dərəcədə zəifləməsindən əziyyət çəkən insanlarda əqli zəifliyin inkişafını dayandırmağın real olub-olmadığını yoxlamaq istəyirlər. Məlumdur ki, beyində dəyişikliklər yaddaşla bağlı problemlər şəklində simptomların meydana çıxmasından bir neçə on il ərzində başlayır.
Statistikaya görə, yaxın vaxtlarda bütün dünyada neyrodegenerativ xəstəliklərin əsl epidemiyası tüğyan edəcək. Məsələn, təkcə Avstraliyada təxminən 270 000 insan əqli zəiflikdən əziyyət çəkir. Lakin 2050-ci ilədək onların sayı 980 000 nəfər olacaq. Əgər preparat sınaqdan uğurla keçərsə, onda vəziyyəti kökündən dəyişmək mümkün olacaq.
Vasitə Altsheymer və beyin zədələnmələri xəstəliklərinin inkişafına səbəb olan amiloid proteininin "əl-qolunu bağlamağa" və bununla da xəstəlikdən qurtulmağa imkan verir. Bu yanaşmanın nə dərəcədə effektiv olduğunu iki illik sınaqlar göstərəcək. Alimlər bu vasitənin tapşırıqların öhdəsindən daha yaxşı gəlməyə və şeyləri yadda saxlamağa kömək edib-etmədiyini qiymətləndirməyə çalışacaqlar.