Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda I və V sinif şagirdləri üçün dərsliklər yenidən hazırlanacaq. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
Onun sözlərinə görə, artıq yeni dərsliklərin hazırlanması ilə bağlı elanlar verilib. Gələn tədris ilində artıq hər iki sinif şagirdləri yeni dərsliklərdən istifadə edəcək.
Şahbazlı bildirib ki, I sinif şagirdləri üçün kurrikulum əsasında yeni dərsliklər 2008-ci ildə hazırlanıb. Bu il həmin dərsliklərin istifadə müddəti bitir.
Nazirlik rəsmisinin sözlərinə görə, I sinif dərsliklərinin məzmununda əsaslı dəyişikliyin ediləcəyi gözlənilmir.
V sinif dərsliklərinin yenidən hazırlanması isə gələn ildən bu sinifdə də kurrikulumun tətbiq edilməsi ilə bağlıdır.
Şahbazlı kurrikulum əsasında yeni dərsliklərin hazırlanmasının hər il davam edəcəyini söyləyib. O qeyd edib ki, 5-6 ildən sonra artıq 11-ci sinif dərslikləri kurrikulum əsasında hazırlanacaq.
Nazirlik səlahiyyətlisi hesab edir ki, bir il ərzində 2-3 sinfin eyni vaxtda kurrikulum əsasında təhsil almasına keçmək də düzgün deyil.
"Gürcüstanda 2, 3 sinif üzrə kurrikuluma birdən keçildi. Bu, düzgün deyil. Çünki təhsil işçiləri bunu əsaslandırmalı və müzakirə etməlidirlər", - Şahbazlı əlavə edib.
Orta məktəblərdə kurrikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Konseptual xarakterli bu çərçivə sənədi ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə edir.