...

Bakıda məzunların VI Respublika Yarmarkası keçirilib

Cəmiyyət Materials 13 Oktyabr 2011 20:17 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Məzun 2011" VI Respublika Payız Yarmarkası keçirilib.
Bakıda məzunların VI Respublika Yarmarkası keçirilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Məzun 2011" VI Respublika Payız Yarmarkası keçirilib.

Trend-in məlumatına görə, ADİU rektoru Şəmsəddin Hacıyev tədbirin açılış mərasimində bildirib ki, yarmarkada 90-dan artıq şirkət 1200-ə yaxın iş yeri təklif edib. Onun sözlərinə görə, bu layihə 6 il əvvəl hər il keçirilməyə başlayıb.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək bildirib ki, dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri gənclərin məşğulluğunun dəstəklənməsidir.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi ilə ADİU-nun birgə təsis etdiyi "Karyera mərkəzi"ndə indiyədək gənclər üçün 40-dan çox təlim kursu, biznes yarışları keçirilib. Nazir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilən yarmarkanın gənclərin işsizlik problemlərinin həllinə əsaslı yardım edəcəyini deyib. O qeyd edib ki, builki yarmarkanın fərqli cəhətlərindən biri işəgötürənlər arasında xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin də olmasıdır. Rəhimov çıxışında bu cür məzun yarmarkalarının gələcəkdə də davam edəcəyini vurğulayıb.

Təhsil naziri Misir Mərdanov tədbirdə bildirib ki, əvvəllər belə yarmarkalar ölkə ictimaiyyəti tərəfindən yetərincə qiymətləndirilməsə də, hazırda məzun yarmarkalarında iştirak edən və ondan yararlanan gənclərin sayı artıb. Nazir yarmarkada ölkədə fəaliyyət göstərən 34 ali məktəbin məzunlarının iştirak etdiyini qeyd edib.

Yarmarkada 3000-ə yaxın, 90-dan çox holdinq, şirkət və bank, 20-dən çox dövlət qurumu öz vakansiyaları ilə iştirak edib.

Xəbər lenti

Xəbər lenti