Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Baş vermiş zəlzələdən sonra Vanın tam bərpa olunması üçün Türkiyəyə iki il vaxt lazım olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qırmızı Ayparanın rəhbəri Əhməd Lütfi Akar bildirib. Məlumatı CNN Turk telekanalı yayıb.
Ölkənin daxili işlər naziri Naim Şahinin məlumatına görə, bazar günü Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 264 nəfərədək artıb. Bundan əvvəl 239 nəfərin həlak olduğu bildirilirdi.
Bazar günü gündüz Türkiyənin cənub-şərqində 7,2 bal gücündə zəlzələ baş verib. Bazar ertəsinə keçən gecə vilayətdə 6,1 bal gücündə daha bir zəlzələ baş verib.Yerli seysmoloqlar son illərin güclü zəlzələsi nəticəsində ölənlərin sayının 500-dən 1000 nəfərədək çatacağını proqnozlaşdırırlar.