...

Mahmud Kərimov: Azərbaycanda doktoranturaya qəbul imtahanları nöqsansız keçirilir

Cəmiyyət Materials 25 Oktyabr 2011 11:08 (UTC +04:00)
Hazırda Azərbaycanda ali və elmi-tədqiqat müəsissələrinin doktoranturalarına qəbul imtahanları nöqsansız keçirilir və bununla bağlı indiyədək heç bir şikayət qeydə alınmayıb.
Mahmud Kərimov: Azərbaycanda doktoranturaya qəbul imtahanları nöqsansız keçirilir

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda ali və elmi-tədqiqat müəsissələrinin doktoranturalarına qəbul imtahanları nöqsansız keçirilir və bununla bağlı indiyədək heç bir şikayət qeydə alınmayıb. Bu barədə Trend-in sualına cavab olaraq jurnalistlərə çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib.

Kərimov bildirib ki, doktoranturaya qəbul imtahanları bir ay davam edəcək.

AMEA prezidenti doktoranturaya qəbul imtahanlarında iştirak etmək üçün əcnəbilərin də sənəd verdiyini bildirib.

Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsinə oktyabrın 19-dan başlanılıb. İxtisas fənləri üzrə qəbul imtahanları noyabrın 25-ə qədər davam edəcək.

İmtahanların keçirilməsi üçün hər bir institutda imtahan komissiyası yaradılıb.

İmtahan yazılı və şifahi şəkildə keçiriləcək. Hər bir namizəd müəyyən edilmiş vaxt çərçivəsində sualı yazılı şəkildə cavablandırmalı, daha sonra isə onu komissiya üzvlərinə danışmalıdır.

AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 plan yerinə 478 nəfər sənəd verib.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. Elmlər doktoru proqramı üzrə sənəd qəbulu ilin sonunadək davam edəcək.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti