...

Əli Həsənov: Azərbaycan mediası "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasına hazır deyil

Cəmiyyət Materials 28 Oktyabr 2011 18:37 (UTC +04:00)
Azərbaycan mediası "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasına hazır deyil.
Əli Həsənov: Azərbaycan mediası "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasına hazır deyil

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan mediası "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasına hazır deyil. Bu barədə cümə günü Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov qeyd edib ki, "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunması jurnalistləri cinayət məsuliyyətindən azad edir, lakin mülki məsuliyyət, inzibati məsuliyyət qalır.

"Azərbaycan jurnalistlərinin məhkəmələrin qərarlarına hörmətsizlik nümayiş etdirməsi, demək olar ki, "reket"çiliyin, bilərəkdən insanların şərəf və ləyaqətlərinin təhqir etmək sahəsindəki halların çoxalması, media orqanlarının özünün media peşəkarlığının artırılmasına və media
əxlaqının mətbuat orqanlarında qorunmasına ciddi cəhd göstərməməsi onu deməyə əsas verir ki, bu qanunun qəbuluna Azərbaycan mediası hazır deyil", - Həsənov əlavə edib.

O hesab edir ki, bu qanunun qəbul olunması üçün hələ vaxt var.

"Bu sahədə iş gedir və media ictimaiyyəti də, Mətbuat Şurası da bu sahədə iş aparır. Amma hələ ki, Azərbaycanda insanların şərəf və ləyaqətinə media orqanlarının çoxu tərəfindən sayğısız münasibət müşayət olunur. Belə şəraitdə "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasını mən şəxsən məqsədəuyğun hesab etmirəm", - Həsənov vurğulayıb.

"Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti