...

Bakıda anomal hava şəraiti avtomobillərin hərəkəti üçün problemlər yaradıb

Cəmiyyət Materials 7 Noyabr 2011 11:41 (UTC +04:00)
Bakıda anomal hava şəraiti ilə əlaqədar bəzi küçələrdə avtomobillərin hərəkəti üçün problemlər yaranıb.
Bakıda anomal hava şəraiti avtomobillərin hərəkəti üçün problemlər yaradıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda anomal hava şəraiti ilə əlaqədar bəzi küçələrdə avtomobillərin hərəkəti üçün problemlər yaranıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, Babək prospekti, 36 ünvanında şəhərə gedən istiqamətdə təqribən 100 metr məsafədə yağış sularının toplanması nəticəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Bununla əlaqədar yol polisi sürücülərdən xahiş edir ki, bu istiqamətdə hərəkət edənlər Babək prospektindən istifadə edənlər alternativ olaraq Nobel prospektinə hərəkət etməklə Afiəddin Cəlilov, Yusif Səfərov küçələrindən istifadə etsinlər.

Əsədov bildirib ki, 20 Yanvar dairəsində enişli-yoxuşlu yollarda avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Bu saatlarda Yasamal rayonunun dağlıq hissəsində qarın yollarda qalması müşahidə edilir. İnşaatçılar, Hüseyn Cavid prospektləri, Mikayıl Müşfiq dairəsi, Mətbuat prospekti, 3-cü kənar dairəsi, "Qurd qapısı" və "Papanin"ə gedən istiqamətlərdə qarın yollarda qalması avtomobillərin hərəkətində problem yaradıb.

Əsədov qeyd edib ki, sürücülər yaxınavuran faralardan mütləq istifadə etsinlər, fara və dövlət nömrə nişanlarını təmiz saxlasınlar.

Bölmə rəisi sürücülərə tövsiyə edir ki, avtomobillərin təkərləri mövsümi təkərlər olmaqla yanaşı, təzyiq normadan aşağı olmalıdır.

Avtomobili idarə edərkən tormuz sistemindən istifadə etmədən ötürmələr qutusunun köməyi ilə avtomobilləri hərəkətə gətirsinlər.

Yol polisinin gücləndirilmiş iş rejiminə keçdiyini deyən Əsədov tıxacların və yol qəzalarının baş verməməsi üçün hərəkət iştirakçılarından diqqətli olmalarını xahiş edir.

Piyadalardan yolun hərəkət zolağına çıxmadan səki ilə hərəkət etmələri xahiş olunur.

Yol polisi valideynlərə uşaqların yolun hərəkət hissəsində qartopu oynamasını, gəzintiyə çıxmasını qadağan etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti