...

Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi Milli Məclisə tövsiyə olunub

Cəmiyyət Materials 14 Dekabr 2011 14:14 (UTC +04:00)
Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub və Milli Məclisə tövsiyə olunub.
Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi Milli Məclisə tövsiyə olunub

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir M.Əliyev/

Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub və Milli Məclisə tövsiyə olunub.

Trend-in məlumatına görə, layihədə ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatım imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib.

Tikintiyə icazə icraatında ictimai maraqları təmsil edən qurumların dinlənilməsi, tikinti fəaliyyətinin maraqlarına toxuna biləcəyi ehtimal olunacaq şəxslərin icraata cəlb edilib dinlənilməsi də nəzərdə tutulur.

Layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun "vahid pəncərə" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.
Fərdi yaşayış evləri ilə bağlı icazə icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub.

Məcəllənin layihəsi 3 bölmədən ibarətdir.

Birinci bölməyə tikinti və şəhərsalma üzrə ümumi müddəalar, prinsiplər, tikinti və şəhərsalma fəaliyyətini tənzimləyən normativ texniki sənədlər sistemi və vahid informasiya təminatı sistemi, şəhərsalma və tikinti fəaliyyəti istiqamətində dövlət siyasətinin əsas istiqamətləri daxildir.

İkinci bölmə şəhərsalma fəaliyyəti ilə bağlıdır, Azərbaycanın ərazi planlaşdırılmasının həyata keçirilməsi, ərazi planlaşdırılmasının sənədlərinin tərtib olunması, planlaşdırmanın növləri, həyata keçirən qurumlar, planlaşdırmanın məqsədi, planların məzmunu və s. barədə müddəalar bu bölmədə yer alıb.

Üçüncü bölmə tikinti fəaliyyəti ilə bağlı prosesləri tənzimləyir. Bölmədə tikintiyə icazədən tutmuş, tikintinin istismarına qədər bütün prosesləri tənzimləyən normalar nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti