Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanlı alimlər Salyanın yaşayış yeri kimi dəqiq yaşını müəyyənləşdirəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Arif Məmmədov çərşənbə axşamı Trend-ə deyib ki, dekabrın 28-29-da "Salyanın arxeoloji və memarlıq irsi" mövzusunda konfrans keçiriləcək. Konfransın məqsədi tədbirdə çıxış edəcək tədqiqatçıların fikirləri əsasında Salyanın yaşayış yeri kimi yaşını dəqiqləşdirməkdir.
Məmmədov deyib ki, Salyanın yaşayış yeri kimi ən azı 2800 illik tarixi var. Amma söylənilən fikirlərdən asılı olaraq, bu yaş dəyişdirilə bilər. Konfransın yekununda isə Salyanın yaşayış yeri kimi qədim tarixinin qeyd edilməsi üçün müvafiq orqanlara müraciət ediləcək.
Alimin sözlərinə görə, Salyan rayonunda aparılmış arxeoloji qazıntıların nəticəsinə əsasən, Salyanda ilk yaşayış məskənlərinin eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəlində dəmirin kəşfi ilə əlaqədar əmək məhsuldarlığının artması, əhalinin dağlıq ərazilərdən dağətəyi və düzən ərazilərə axını ilə əlaqədar yaranıb.
Aparılan arxeoloji qazıntılar nəticəsində Salyanda e.ə. III əsrə aid olan Makedoniyalı İsgəndərin, daha sonra isə Parfiya, Safani, Səlcuq, Atabəylər, Şirvanşahlar, Ağqoyunlu hökmdarlarının adına kəsilmiş pulların aşkarlanması bu ərazinin qədim yaşayış məskəni olduğunu təsdiqləyir.
Bu yaxınlarda aparılan qazıntılar zamanı isə Salyanın Babazanlı adlanan ərazisində azərbaycanlıların qədim türklər olmasını sübut edən sanballı arxeoloji dəlil aşkarlanıb.