Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Xətai rayon hərbi komissarının sabiq müavininin cinayət işinin istintaqı yekunlaşıb.
Bakı Hərbi Məhkəməsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sabiq müavin, bir müddət komissar əvəzi işləmiş Davud Hüseynovun cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
Yanvarın 25-də hakim Rafiq Abbasovun sədrliyi ilə sabiq müavinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, Hüseynov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunaraq ötən ilin iyulunda həbs olunub.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.
Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.