...

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar üçün himayədar ailələr yaradılacaq

Cəmiyyət Materials 15 Fevral 2012 16:31 (UTC +04:00)
Azərbaycanda valideyn himayəsindən məhrum olan və ailə daxilində zorakılığa məruz qalan uşaqlar üçün alternativ qayğı xidmətləri yaradılacaq.
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar üçün himayədar ailələr yaradılacaq

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda valideyn himayəsindən məhrum olan və ailə daxilində zorakılığa məruz qalan uşaqlar üçün alternativ qayğı xidmətləri yaradılacaq.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov çərşənbə günü Trend-ə bildirib ki, son statistik məlumata əsasən, dövlət uşaq müəssisələrində 9776 uşaq var, onlardan 551-i daimi internat müəssisələri və uşaq evlərində ailə mühitindən təcrid olunmuş tərzdə təhsil və tərbiyə alır.

Seyidov bildirib ki, bu cür müəssisələrin bir qismi qapalı şəkildə fəaliyyət göstərir və bu da uşaqları cəmiyyətdən müəyyən mənada uzun müddətə təcrid edir.

Mövcud müəssisələrə alternativ olaraq bir neçə ailə əsaslı qayğı modellərinin mövcud olduğunu deyən milli əlaqələndirici bildirib ki, onlardan dörd növ xidmət, qısa və uzunmüddətli himayədar qayğı xidməti, kiçik qrup evi və müvəqqəti qayğı xidmətlərinin Azərbaycanda da yaradılması nəzərdə tutulub.

Alternativ qayğı xidmətləri Avropa İttifaqı, Avstriya İnkişaf Agentliyi və Təhsil Nazirliyinin maliyyələşdirdiyi "Himayədar qayğı və ailə dəstək xidmətlərinin yaradılmasında yerli hakimiyyət orqanları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın qurulması" adlı pilot layihə çərçivəsində yaradılacaq.

Hazırda Təhsil Nazirliyinin iştirakı ilə xidmətlərin yaradıldığını deyən ekspert qeyd edib ki, bu xidmətlərdən ən vacibi himayədar qayğı xidmətidir.

"Uşaqların ailələri çətin vəziyyətdə olanda, özləri ailə daxilində zorakılığa məruz qalanda, ailəsi olmadıqda, valideynləri cəzaçəkmə müəssisəsinə düşdükdə, vəfat etdikdə və qohumları onları himayəyə götürməkdən imtina etdikdə, uşaqlar özləri çətinlikdə olduqda onlar himayədar ailələrə verilir. Bu ailələr xüsusi təlim keçirlər. Onlara müxtəlif xarakterli uşaqlarla necə davranmaq, ünsiyyət qurmaq, onlarla işləmək qaydaları öyrədilir", - o deyib.

Azərbaycanda bu layihə çərçivəsində pilot olaraq 25-50 himayədar ailənin yaradılması planlaşdırılır. Himayədar ailələrə 50-yə yaxın uşaq veriləcək. Onun sözlərinə görə, hər ailəyə bir uşaq, bəzi hallarda bir neçə uşaq veriləcək.

Himayədar ailələrin təşkilinə toxunan ekspert deyib ki, bu ailələrin seçilməsi üçün elan veriləcək. Müraciət edənlər arasında müxtəlif psixoloji qiymətləndirmə aparılacaq, onların sosial vəziyyəti və sosial əhatəliliyi, keçmişdə cinayət məsuliyyətinə cəlb edilib-edilmədikləri öyrəniləcək.

Sonra onlarla müsahibələr keçiriləcək, onlarla uzunmüddətli təlimlər təşkil olunacaq.

Layihə pilot olaraq Bakının Xəzər rayonunda həyata keçirilir və gələcəkdə Bakıda və regionlarda belə xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Seyidov bildirib ki, Təhsil Nazirliyi tərəfindən himayədar qayğı xidməti ilə bağlı xüsusi təlimat qaydaları hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. Sənədin yaxın vaxtlarda təsdiqi gözlənilir.

İkinci alternativ xidmət növü isə kiçik qrup evidir. Bura daha çox sayda 10-15 uşağın cəlb edilməsi nəzərdə tutulur.

"Elə uşaqlar var ki, onların ailəyə yerləşdirilməsi mümkün deyil. Ola bilsin ki, himayədar ailə çatışmır, yaxud həmin uşaqların xüsusi ehtiyacları var və himayədar ailələr bu ehtiyacları ödəyə bilmir. Yaxud da uşaqlar valideynlərini itirdiyi, zorakılıq halları ilə bağlı onların dərhal yerləşdirilməsi üçün hazırda imkan yoxdur. Ona görə də onlar müvəqqəti olaraq kiçik qrup evinə yerləşdirilə bilər", - o deyib.

Müvəqqəti qayğı xidmətlərinin köməyindən hansısa səbəblərdən valideynlər tərəfindən gün ərzində uşaqlara baxmaq mümkün olmadığı hallarda istifadə oluna bilər.

"Müəyyən səbəblərə görə qısa müddətdə valideynlər uşaqlara baxa bilmir. Bunun üçün xüsusi günərzi mərkəzlər yaradılmalıdır. İşləyən valideynlər, ağır xəstə olan tək analar uşaqlarını müvəqqəti olaraq bu müəssisələrə göndərə bilərlər", - Seyidov deyib.

Seyidovun sözlərinə görə, bu xidmətlərin fəaliyyəti uşaqların internat məktəblərinə, uşaq evlərinə verilməsinin qarşısını alacaq, uşaq ailə tərəfindən və ailəyə dəstək göstərən dövlət və QHT-lərin mütəxəssislərinin dəstəyi ilə tərbiyə olunacq və uşaqların pis yola düşməsinin qarşısı alınacaq.

"Bu uşaqların üzərində mütləq şəkildə iş aparılmalıdır ki, onların davamlı, daimi yerləşdirilməsi həyata keçirilsin. Sonradan onlar ya öz bioloji ailələrinə qayıtmalıdır, ya da yaxın qohumlarının qəyyumluq və övladlığına verilməlidir. Bu mərkəzlərə uşaqların müvəqqəti təlim-tərbiyə aldığı bir mərkəz kimi baxılmalıdır. Əsas məqsəd uşaqların ailə qayğısı ilə təmin olunmasıdır", - ekspert deyib.

Onun sözlərinə görə, internat müəssisələrində olan təxminən 3-4 minə yaxın uşaq belə xidmətlərə cəlb oluna bilər. Həmçinin, Azərbaycanda min, iki minə yaxın küçə uşağının da asanlıqla bu xidmətlərə yerləşdirilməsi mümkündür.

"Uşaqlar bu xidmətlərdə olduqları müddətdə onların daimi yerləşdirmə planı hazırlana bilər. Xüsusi uşaq müdafiə sistemi elə qurulmalıdır ki, uşaqların internat müəssisələrinə düşməsi məsələsi gündəmə gəlməsin və gələcəkdə valideyn himayəsindən məhrum olan, baxımsız qalan uşaqların belə xidmətlərə yönləndirilməsi təmin edilsin", - o deyib.

Qeyd edək ki, layihənin icraçıları Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı, Ümidli Gələcək Gənclər Təşkilatı və Təhsil Nazirlyidir.

Xəbər lenti

Xəbər lenti