...

ESRUC-a daxil olan ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması təklif edilib

Cəmiyyət Materials 9 Mart 2012 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

Türkiyənin Ərzurum şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının iclası keçirilib.

Azərbaycan Turizm İnstitutundan cümə günü Trend-ə verilən məlumata görə, 2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumun İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir.

Konsorsiumunun İcraedici Şurasına 9 nəfər - Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtalyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Univeristetinin rəhbərləri daxildirlər. Azərbaycanı isə bu qurumda Turizm İnsitutunun rektoru Cəfər Cəfərov təmsil edir.

İclasda üzv ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ilkin mərhələdə konkret bir istiqamət üzrə tədrisin uyğunlaşdırılması, gələcəkdə konsorsiuma qoşulmaq istəyən tərəflər arasında Anlaşma Memorandumunun vahid forması, ESRUC üzvlərinin vahid məlumat bazasının yaradılması, Avropa İttifaqının Erasmus Mundus proqramına müvafiq əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə edilib.

ATİ-nin rektoru Cəfərov iclasda səslənən fikirlərə münasibət bildirdikdən sonra müəllimlərin işə götürülməsi, ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, birgə elanların işlənib hazırlanması, veb səhifənin fəaliyyətinin genişləndirilməsi, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərlə çıxış edib.

Azərbaycan tərəfinin təklifi ilə Ümumdünya Turizm Təşkilatının İpək Yolu proqramı çərçivəsində 2012/2013-cü illər üçün müəyyən edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, xüsusilə gələcək kadrlar qismində ali təhsil müəssisələri tələbələrinin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınıb.

İcraedici Şuranın III iclası ilə paralel olaraq I Qış Anadolu Sammiti: "Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr" adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Pakistan, Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Monqolustan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Bosniya və Hersoqovina, Türkiyə, Hindistan və digər ölkələrdən alim, təhsil işçiləri və hökümət nümayəndələri daxil olmaqla 150-dən çox nümayəndə iştirak edib.

Xəbər lenti

Xəbər lenti