...

Ermənistan hakimiyyəti xalqı yalançı vədlərlə doyuzdurmağa çalışır

Cəmiyyət Materials 27 Mart 2012 19:38 (UTC +04:00)
Ermənistanın hakim Respublika Partiyasının üzvü Qaqik Minasyan martın 24-də keçirdiyi mətbuat konfransında partiyasının qarşıdan gələn parlament seçkisindəki şanslarından danışarkən RP-nin qanunverici orqanda bugünkündən daha möhkəm mövqe əldə etməyə ümidli olduğunu söyləyib.
Ermənistan hakimiyyəti xalqı yalançı vədlərlə doyuzdurmağa çalışır

Azərbaycan, Bakı, 27 mart /Trend/

Ermənistanın hakim Respublika Partiyasının üzvü Qaqik Minasyan martın 24-də keçirdiyi mətbuat konfransında partiyasının qarşıdan gələn parlament seçkisindəki şanslarından danışarkən RP-nin qanunverici orqanda bugünkündən daha möhkəm mövqe əldə etməyə ümidli olduğunu söyləyib. Bu barədə Trend erməni KİV-ə istinadən məlumat verir.

O, "son beş ildə əldə etdikləri uğurların onlara bu imkanı verdiyini" də qeyd edib. Respublikaçıların anlamında "uğur" dedikdə nələrin nəzərdə tutulduğuna da aydınlıq gətirən Minasyan qlobal maliyyə böhranı dövründə başqa dövlətlərlə müqayisədə Ermənistanda yaşayışın daha yüksək səviyyədə olduğunu vurğulayıb. Minasyan həmin dövrdə əldə edilmiş möhtəşəm uğur kimi, Ermənistanda sosial proqramların azalmadığını göstərib. Amma respublikaçı əlbəttə ki, buna nəyin hesabına nail olunduğunu, qeyd olunan dövrdə Ermənistanın xarici borcunun nə qədər artdığını açıqlamağı lazım bilməyib.

Bundan başqa, deputat inflyasiyanın templəri haqqında da heç nə danışmayıb. Halbuki, inflyasiyanın templəri faktiki olaraq hakim partiyanın bu cür öyündüyü sosial proqramların təsirini heçə endirib.

Minasyan hakim partiyanın uğurları sırasına "2008-ci ildən sonra ölkədə daxili siyasi gərginliyin azalmasını" da qatıb. Amma bu zaman da o, bir şeyi nəzərə almayıb ki, hazırkı vəziyyətə hakimiyyətin ölkədə gərginliyi daha da artırmış və artırmağa davam edən addımları hesabına deyil, müxalifətin yarıtmaz fəaliyyəti nəticəsində nail olunub. Məsələn, hakimiyyətin situasiyaya ağıllı yanaşması halında Maştots prospektindəki parkda polisin qeyri-adekvat addımları və digər oxşar hallardan qaçmaq olardı.

Deputat hazırkı hakimiyyətin beynəlxalq arenadakı "uğurları"na da toxunub. Elə respublikaçıların özləri tərəfindən Azərbaycanın Qarabağ münaqişəsi zonasında döyüşləri müharibəyə hazır olmadığı üçün bərpa etməyəcəyinə dair bəyanatlarını yaddan çıxarmış Minasyan fəxrlə bildirib ki, ötən dövrdə Ermənistan hakimiyyəti "düşməni sülhə məcbur edə bilib".

Deputatın fikrincə, Ermənistan-Türkiyə prosesində də "böyük uğurlar" əldə olunub. Prosesdə konkret hansı məqamları uğur saydığına aydınlıq gətirən Minasyan yenə də mənəvi qələbə haqqında çoxdankı mahnını oxuyub. O, bildirib ki, Ermənistan-Türkiyə prosesi nəticəsində dünya ictimaiyyəti "tərəflərdən hansının qeyri-konstruktiv olduğunu, ilkin şərtlər irəli sürdüyünü, imzalanmış sənədləri reallaşdırmaqdan imtina etdiyini görüb". Bundan başqa, Minasyan Türkiyə ictimaiyyətində Ermənistanla bağlı müsbət dəyişikliklər də görür. O, hər il aprelin 24-də Türkiyə ziyalılarının mərkəzi meydanlara toplaşmasını bunun göstəricisi sayır. Deputat nəinki həmin toplantı iştirakçılarının əksəriyyətinin soyqırım terminini işlətmədiyini unudub, eyni zamanda, hətta Türkiyə rəsmi dairələrini təmsil edən şəxslərin də qatıldığı digər antierməni aksiyalarını da yaddan çıxarıb.

Minasyanın şərhlərini dinləyən jurnalistlər qeyd olunan uğurların 1 milyon insanın yalnız bir tikə çörək ardınca qaçdığı hazırkı yoxsulluq fonunda özünü vətəndaşların həyatında necə göstərdiyi ilə maraqlanıblar. Bu suala cavab olaraq isə Manisyan erməni seçicilərin seçki məsələsinə ciddi yanaşdığını, digər siyasi qüvvələrin seçkiqabağı proqramının heç nəyə yaramadığını yaxşı anladıqlarını söyləyib. Yəni deputata inansaq belə çıxır ki, güclə çörəkpulu tapan əhali bu cür mühüm qayğısını kənara qoyaraq, acından qarnı quruldayan uşaqlarını unudaraq siyasi qüvvələrin seçki proqramlarının öyrənilməsi və təhlili ilə məşğuldur. Üstəlik, həmin vətəndaşlar bu dövrdə nədənsə amneziyadan əziyyət çəkməyə başlayıb, həmin Respublika Partiyasının, həmçinin onun lideri Serj Sarkisyanın indiyədək seçkiqabağı dövrdə verdiyi, lakin yerinə yetirilməmiş vədləri unudub.

Şübhəsiz ki, uşaqlarını bir qarnı tox, bir qarnı ac vəziyyətdə yatağa uzadan vətəndaşlar vədlərin yerinə yetirilməməsi faktına anlayışla yanaşır və bunu birmənalı olaraq maliyyə böhranı ilə əlaqələndirir. Əlbəttə ki, vətəndaşların bu anlayışını xüsusilə hakimiyyət başında duranların bahalı avtomobilləri, haradasa Saxkadzorda tikilmiş yeni villaların şəkilləri və digər "sadə" həyat nemətləri daha da gücləndirir.

Minasyan vətəndaşların "ağıllılığının" təsdiqi kimi, "Ermənistanın avropalı dostları" təşkilatı tərəfindən aparılmış sorğunun nəticəsini göstərib. Həmin sorğuya əsasən, hakim partiya və onun lideri Serj Sarkisyan həddindən artıq yüksək reytinqə malikdir.

Xəbər lenti

Xəbər lenti