...

Azərbaycanda dövlət ekoloji ekspertizasının forması müəyyənləşdirilir

Cəmiyyət Materials 24 Aprel 2012 16:56 (UTC +04:00)
Azərbaycan Parlamentində hazırlanan "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanun layihəsində dövlət ekoloji ekspertizasının aparılmasının prinsipləri müəyyənləşdirilib.
Azərbaycanda dövlət ekoloji ekspertizasının forması müəyyənləşdirilir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentində hazırlanan "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanun layihəsində dövlət ekoloji ekspertizasının aparılmasının prinsipləri müəyyənləşdirilib.

Milli Məclisdən Trend-ə bildiriblər ki, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə yoxlama dövlət ekoloji ekspertizası və ictimai ekoloji ekspertizası şəklində aparılacaq.

Qanun layihəsində qeyd olunub ki, dövlət ekoloji ekspertizası həyata keçirilməsi nəzərdə tutulan iqtisadi və digər təsərrüfat fəaliyyətinin ekoloji tələblərə cavab verməsinin təyini üçün həyata keçirilir.

Dövlət ekoloji ekspertizasının rəyi layihələndirilən obyektin reallaşdırılmasının mümkünlüyü və fəaliyyəti zamanı ətraf mühitə və insan sağlamlığına təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət olacaq.

Qənun layihəsində ekoloji ekspertiza obyektinin reallaşdırılması üçün dövlət ekoloji ekspertizasının müsbət rəyi zəruri şərt olaraq rəsmi ekoloji icazə kimi qeyd olunur və beş il ərzində hüquqi qüvvədə olacağı bildirilir.

Qanun layihəsində qeyd olunur ki, dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət ekoloji ekspertizasının reallaşdırılmasından, o cümlədən onun təkrar keçirilməsindən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi BMT-nin İnkişaf Proqramı və ATƏT-in Bakı ofisinin iştirakı ilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanun layihəsinin ictimai müzakirəsini keçirir.

Xəbər lenti

Xəbər lenti