...

Azərbaycan və Litva arasında təhsil əlaqələri müzakirə olunub

Cəmiyyət Materials 23 May 2012 19:09 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov Litvanın Azərbaycandakı səfiri Kestusis Kudzmanas ilə görüşüb.
Azərbaycan və Litva arasında təhsil əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 23 may /Trend/

Təhsil naziri Misir Mərdanov Litvanın Azərbaycandakı səfiri Kestusis Kudzmanas ilə görüşüb.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən bəhs edib.

Azərbaycan və Litva universitetləri arasında tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını vurğulayan Mərdanov, həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə maraqlanıb.

İki ölkə arasında təhsil əlaqələrinin son illər daha da inkişaf etməsindən söz açan səfir ölkəsinin ali məktəbləri haqqında məlumat verib. O, Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunan Kudzmanas Litvada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr, alimlərin təcrübə mübadiləsi barədə fikirlərini bildirən səfir ölkəsində peşə təhsilinin mövcud durumu barədə məlumat verib.

Azərbaycanda təhsil sahəsinin sürətli inkişafının şahidi olduğunu bildirən Kudzmanas Misir Mərdanovu Litvaya dəvət edib.

Nazir iyunun 15-dən 22-dək Litvaya rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb və səfər zamanı bir sıra məsələlərin geniş müzakirə olunacağını bildirib.

Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti