...

Baş Prokurorluqda insan hüquqları ilə bağlı elmi-praktiki konfrans keçirilib

Cəmiyyət Materials 7 İyun 2012 12:11 (UTC +04:00)
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Baş Prokurorluqda insan hüquqları ilə bağlı elmi-praktiki konfrans keçirilib

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan Baş Prokurorluğun Huquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

O, çıxışında daha sonra insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlarda və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş norma və müddəalara istinad edərək insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi ilə bağlı bir sıra məsələlərə toxunub.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən ardıcıl və sistemli tədbirlərin əhəmiyyətindən danışaraq, bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçdiyini xüsusi qeyd edib.

Tədbirdə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəis müavini Mircavan Kazımovun "Məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı insan hüquq və azadlıqlarının qorunması", Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Erkin Əlixanovun "Ekstradisiyanın həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması", Hüquqi Təminat və İnformasiya İdarəsinin böyük prokuroru Mahir Tağıyevin "Azərbaycan Respublikasının qanunvericilik sistemində insan hüquq və azadlıqlarının təminatlarının inkişafı" və həmin idarənin prokuroru Malik Səlimovun "İnsan hüquq və azadlıqlarının müdafiəsinin cinayət-hüquqi və cinayət-prosessual aspektləri" mövzusunda məruzələri dinlənilib.

Mövzularla bağlı faydalı fikir mübadiləsi və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Konfransda Baş Prokurorluğun idarə rəislərinin müavinləri, Bakı şəhər prokurorunun müavini və digər şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti