Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Yeni tədris ilində Azərbaycanın orta məktəb şagirdlərini, müəllimlərini, valideynlərini çoxsaylı yeniliklər gözləyir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ciddi yeniliklərdən biri bu ildən 5-ci siniflərdə kurrikulumların tətbiq olunmasıdır. Bu istiqamətdə həm təhsilin məzmunu, həm müəllimlərin hazırlanması, həm də dərsliklərin keyfiyyəti baxımından il ərzində çoxlu işlər görülüb.
"Növbəti yeniliklərdən biri kimi İKT-nin təhsildə tətbiqini hesab edirəm. Müəllim və şagirdlərin İKT bacarıqları xeyli yüksəlib. Artıq 1200-dən çox məktəb geniş zolaqlı internet şəbəkəsinə qoşulub", - nazir deyib.
O qeyd edib ki, yeniliklərdən ən vacibi bu il Azərbaycanda məktəb tikintisi və təchizatı məsələsinin prioritet olması ilə əlaqədar olub. Nazir deyib ki, bu il Azərbaycanda 160-dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib.
Mərdanov ötən tədris ilinin nəticələrini də yüksək qiymətləndirib.