Azərbaycan, Bakı, 28 sentyabr /Trend/
Sentyabrın 27-də Xorvatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən "Balakən" gəmi-bərəsinin təhvil-təslim sənədlərinin imzalanması və gəmidə Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycan tərəfdən sənədləri Gəmiçiliyin rəisi Aydın Bəşirov, Xorvatiya tərəfdən isə "Ulyanik" tərsanəsinin prezidenti Anton Braykoviç imzalayıblar. "Balakən"gəmi-bərəsi Azərbaycanın mülkiyyətinə keçib.
Daha sonra Gəmiçiliyin və tərsanənin nümayəndələri yeni bərədə respublikamızın üçrəngli bayrağının qaldırılması mərasimində iştirak ediblər. Gəminin dor ağacında Azərbaycan bayrağını "Balakən"in kapitanı Rasim Nəzərov qaldırıb.
"Ulyanik" tərsanəsinin rəhbəri Anton Braykoviç çıxışında yeni gəmi-bərələrin inşası kimi məsuliyyətli bir işin onlara etibar edilməsinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Anton Braykoviç Azərbaycan dənizçilərinə keyfiyyətli, bütün beynlxalq standartlara cavab verən müasir gəminin təhvil verilməsi üçün əllərindən gələni etdiklərini vurğulayıb.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Bəşirov cəmi 10 ay ərzində belə bir möhtəşəm gəmi tikən Xorvatiya tərsanəçilərinin zəhmətini yüksək qiymətləndirib. O, Gəmiçiliyin nəqliyyat donanmasının mütəmadi olaraq təzə gəmilərlə zənginləşməsini Prezident İlham Əliyevin dəniz nəqliyyatına xüsusi diqqəti kimi dəyərləndirib, son doqquz ildə Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün müxtəlif tonnajlı 10 tanker, 1 quru yük gəmisi və 4 bərənin alınmasını böyük nailiyyət adlandırıb.
Gəmiçiliyin rəisi Azərbaycandan keçən yüklərin nəqliyyat donanması ilə ünvanına vaxtında və keyfiyyətlə çatdırılmasında, ölkə rəhbərliyinin dənizçilər qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsində tam məsuliyyətlə səy göstərəcəklərini bildirib.
Qeyd edək ki, sentyabrın 14-də Xəzər dənizçilərinə təhvil verilmiş "Bərdə" gəmisi Puladan Bakıya doğru istiqamət götürüb, artıq Aralıq dənizini keçərək Atlantik okeanına çıxıb.
"Balakən" bərəsi də bir neçə gün ərzində Vətənə yola düşəcək, "Bərdə"nin ardınca bütün Avropanı dövrə vuraraq, Sankt-Peterburqdan keçməklə Rusiyanın daxili suları ilə Xəzər dənizinə gələcək. Hər iki gəminin noyabra qədər Bakıya çatması planlaşdırılır. Uzunluğu 154,8 metr, eni 17,5 metr, dedveyti 5000 ton olan bərələr əvvəlkilərdən daha artıq - 54 dəmiryol vaqonu götürəcək, Böyük İpək Yolunda istismar ediləcək.