Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Dini Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz tərəfindən aparılan "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy" mövzusunda sorğunun nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, sorğunun nəticələrini elan edən SAM-ın elmi işçisi Sahib Cəfərov deyib ki, sorğuda 1501 respondent iştirak edib.
Sorğuda respondentlərə bir çox dini məsələlərlə bağlı suallar ünvanlanıb. Sorğu Bakı, Abşeron, Quba-Xaçmaz, Aran, Qarabağ, Dağlıq Şirvan, Lənkəran, Şəki-Zaqatala, Gəncə-Qazaxda seçmə yolla aparılıb.
Nəticələrə görə, respondentlərin 30,2 faizi Allaha dərin inamlı, 0,1 faizi ateistdir. Sorğu zamanı insanların son 5 ildə dinə olan münasibəti öyrənilib. Rəyi soruşulanların 10,3 faizi bildirib ki, indi daha dindar olub, 83 faizi isə əvvəlki kimi dinə inamlı olduğunu açıqlayıb.
Respondentlərin 50 faizi islam dininin minimal təsiri olan dünyəvi dövlətdə yaşamaq istəyir. Respondentlərin 5 faizi isə dini modelə üstünlük verir. Ümumilikdə rəyi soruşulanların 95 faizi dünyəvi modelə üstünlük verib.
Cəfərov deyib ki, sorğu zamanı orta məktəblərdə baş örtüyünə münasibət də öyrənilib. Respondentlərin 46 faizi belə hesab edir ki, orta məktəblərdə baş örtüyünün istifadəsi yolverilməzdir. Sorğuda iştirak edənlərin 42,2 faizi bu məsələdə neytral mövqedə dayanır. Onların 13,8 faizinin fikrincə, bu məsələdə şəxsi azadlığa toxunmaq olmaz. Onlar dövlətin bu məsələdəki kəskin mövqeyindən narahatdırlar.