...

Baş Prokurorluqda 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Cəmiyyət Materials 1 Fevral 2013 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci il Azərbaycan Respublikasının müstəqil inkişaf tarixində görkəmli nailiyyətlərlə yadda qalan və ölkəmizin daha da qüdrətlənməsi ilə nəticələnən mühüm bir dövr olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış "Müstəqil inkişafın Azərbaycan modeli" konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində çox böyük yenidənqurma işlərinin və möhtəşəm layihələrin reallaşdırılması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımlar atılması təmin olunub.

Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışından da göründüyü kimi, 2012-ci ildə əhalinin pul gəlirləri və pensiyaların səviyyəsi qaldırılıb, bütün sahələrdə ciddi tərəqqiyə nail olunub, valyuta ehtiyatları 46 milyard dollarlıq həddə çatıb, 117 min yeni iş yeri açılıb, inflyasiyanın, yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı enib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və əldə edilən nəticələrin dünya miqyasında yüksək dəyərləndirilməsinin və Azərbaycana getdikcə artan marağın sübutudur ki, Davos İqtisadi Forumunun cari ilin aprel ayında Bakıda keçirilməsi qərara alınıb. İnsan amilinin ön plana çəkilməsinin və əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşmüş 20 min məcburi köçkün 2012-ci ildə yeni mənzillərlə təmin edilib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyon 480 mindən çox vətəndaşa təxminən 564 milyon manat məbləğində kompensasiyalar ödənilib.

Dünya birliyi dövlətlərinin böyük əksəriyyətinin etimadını qazanmaqla, 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmiş Azərbaycan ilk dəfə olaraq Şuranın iclaslarına sədrlik edib. Bundan başqa, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tərəfindən 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi olub.

Xüsusi vurğulanıb ki, ölkə Prezidenti - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb, Ermənistanın ümumi büdcəsinin iki milyard dollarlıq həcmdə olduğu bir vaxtda, Azərbaycanda yalnız hərbi sahəyə ayrılan xərclər 3,7 milyard dollarlıq həddə çatıb, 40-dan çox sənaye müəssisəsində 700 növdə hərbi təyinatlı məhsulların istehsalı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti