...

"Yeni Azərbaycan" qəzetinin 20 illiyi ilə bağlı təntənəli mərasim keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2013 20:10 (UTC +04:00)
Bu gün Bakıda “Yeni Azərbaycan” qəzetinin 20 illiyi ilə bağlı təntənəli mərasim keçirilib.
"Yeni Azərbaycan" qəzetinin 20 illiyi ilə bağlı təntənəli mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda "Yeni Azərbaycan" qəzetinin 20 illiyi ilə bağlı təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov, bir sıra deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin "Yeni Azərbaycan" qəzetinə ünvanlanmış təbrik məktubunu oxuyub.

Mərasimdə qəzetin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Baş redaktor Hikmət Babaoğlu bildirib ki, "Yeni Azərbaycan" qəzeti 20 ildir ki, Azərbaycanın müstəqillik tarixinin salnaməsini yazır. Azərbaycanda dövlət tərəfindən mətbuata hər cür qayğının göstərildiyini deyən Babaoğlu qeyd edib ki, mətbuatın cəmiyyətdə yükü, intellektual gücü getdikcə artır.

"Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir. İlk növbədə, 1995-ci ildə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması üçün konstitusion əsaslar yaradıldı və bunun əsasında KİV haqqında qanun qəbul olundu. O dövrdən bu vaxta qədər Azərbaycanda müstəqil milli mətbuat inkişaf edir, mətbuatın intellektual gücü artır, ölkənin fəaliyyəti üçün sosial-iqtisadi, siyasi və hüquqi münasibətlərin bərqərar olunmasında mətbuatın çox ciddi rolu var, mətbuat problemləri aktuallaşdırır, ölkə ictimaiyyətinin diqqətinə çatdırır, ölkəni idarə edənlərin diqqətinə təqdim edir və bu mənada mətbuatın çox böyük funksiyası var. "Yeni Azərbaycan" qəzetinin 20 illik yubleyi tamam olur. "Yeni Azərbaycan" qəzeti 20 ildir ki, Azərbaycanın müstəqillik tarixinin salnaməsini yazır. Bu illər ərzində Azərbaycan inkişaf edib, güclənib, qüdrətli bir ölkəyə çevrilib, Azərbaycanda söz və mətbuat azadlığının həyata keçirilməsi üçün dövlət tərəfindən bütün tədbirlər görülüb və bu gün mətbuat və söz azadlığının təntənəsidir ki, bir qəzetin yubileyi bu cür yüksək səviyyədə keçirilir", - Babaoğlu deyib.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov isə bildirib ki, qəzet müasir milli mətbuatın formalaşmasında əhəmiyyətli rol oynamış KİV-lərdəndir: "Qəzetin 20 ildir fəaliyyət göstərməsi, ilk növbədə, Heydər Əliyev siyasətinin təbliğ olunması, bu siyasətin həyata keçirilməsi istiqamətində əldə olunan uğurların Azərbaycan oxucularına çatdırılmasından ibarət olub".

YAP rəsmisinin sözlərinə görə, "Yeni Azərbaycan" qəzeti YAP-ın mətbu orqanı olmasına baxmayaraq, bu illər ərzində müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərib: "Adıçəkilən qəzet Azərbaycan dövlətinin, xalqının, bütövlükdə isə Azərbaycanın milli maraqlarına uyğun əhəmiyyətli problemlərin işıqlandırılmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Düşünürəm ki, "Yeni Azərbaycan" qəzeti Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsinə böyük töhfə verib. Bununla da şərəfli bir yol keçilib və qarşıda böyük perspektivlər durur. Bu illər ərzində "Yeni Azərbaycan" qəzeti kifayət qədər möhkəmlənib, eyni zamanda, jurnalist kadrlarının möhkəmlənməsinə öz töhfəsini verib".

Tədbir bədii hissə ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti