Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda bu gün 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmələri üçün ərizə təsdiqinin son günüdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə bildirib ki, rus bölməsinin abituriyentləri ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan dilindən imtahan verməlidirlər. Bu imtahanının ilk mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində keçiriləcək. Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək istəyən abituriyentlər bu gün saat 00.00-dək ərizələrini İnternet vasitəsilə təsdiq edə bilərlər. İndiyədək bu imtahanda iştirak üçün təxminən 8000 abituriyent ərizəsini təsdiqlədib.
Nağızadə bu abituriyentlər üçün ərizə təsdiqinin tarixinin uzadılmasının nəzərdə tutulmadığını da söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dili imtahanının ikinci mərhələsi iyunun 23-də Bakıda keçiriləcək. İlk imtahanda "məqbul" ala bilməyən abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.
Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu aprelin 9-dan başlayıb və mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən başlayıb və mayın 17-də yekunlaşacaq.