...

Bahar Muradova qadınları erkən nikahların qarşısını almaqda fəal olmağa çağırdı

Cəmiyyət Materials 14 İyun 2013 13:34 (UTC +04:00)
Milli Məclisin vitse-spikeri Bahar Muradova qadınların özlərini erkən nikahların qarşısını almaqda fəal olmağa çağırıb.
Bahar Muradova qadınları erkən nikahların qarşısını almaqda fəal olmağa çağırdı

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Milli Məclisin vitse-spikeri Bahar Muradova qadınların özlərini erkən nikahların qarşısını almaqda fəal olmağa çağırıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Qadınlarının IV Qurultayında çıxış edən Bahar Muradova bildirib ki, yeniyetmə yaşda olan qız uşağını təhsildən ayıraraq onu evdə oturtmaq, nişanlamaq, iqtisadi problemlərin həlli üçün bir vasitəyə çevirmək ən böyük çinayətdir:

"Bu gün təhsil almayan, öz savadını artırmayan qız uşağı sabah necə ana olacaq, övladını necə tərbiyə edəcək? Ona görə də bu məsələlərə etirazımızı bildirməklə yanaşı, onların aradan qaldırılması üçün özümüz də fəallığımızı artırmalıyıq. Cox təəssüf ki, bu məsələ statistikada az qeydə alınsa da, ona bütün regionlarda, hətta Bakı şəhərində rast gəlinir. Mən erkən nikahlara qarşı çıxmaq istəyirəm. Erkən nikahlar şikəst övladlardır".

Məişət zorakılığını da cinayət sayan B.Muradova deyib ki, qadınlar bu kimi problemlərinin həllini kişilərin problemlərindən ayıraraq həll etməli deyillər. Bu problemlər qadın və kişilər tərəfindən birgə həll edilməlidir.

Bu gün Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyan B.Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini də bu layihənin qəbuluna dəstık olmağa çağırdı.

Vitse-spiker qurultay iştirakçılarının qarşıdan gələn prezident seçkilərində namizəd məsələsinə də münasibət bildirməsini vacib sayıb: "Biz qurultay iştirakçıları olaraq, qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyinə öz münasibətimizi bildirməliyik. Onun növbəti 5 ildə də prezident olmasını istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti