...

Gəncə əhalisinin sayı artıb

Cəmiyyət Materials 20 İyun 2013 19:51 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhəri üçün 2013-cü il yanvar ayından iyun ayına qədər olan demoqrafik vəziyyət açıqlanıb.
Gəncə əhalisinin sayı artıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Gəncədə əhalinin sayı artıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhəri üçün 2013-cü il yanvar ayından iyun ayına qədər olan demoqrafik vəziyyət açıqlanıb. Şəhər Statistika İdarəsinin məlumatına görə, əhalinin sayında artım qeydə alınıb ki, buna doğulanların sayının ölənlərin sayından 2 dəfə çox olması səbəb olub.

Şəhərdə cari ilin yanvar-may aylarında 1668 körpə doğulub ki, bu da hər gün təxminən 11 körpənin dünyaya gəlməsi deməkdir. Doğumların sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.4-dən 5.2-yə qədər azalıb. Bu dövrə qədər ölümlərin sayı isə 882 nəfər olub.

Məlumata görə, əhalinin 21.9%-ni 0-14 yaşda olan uşaq və yeniyetmələr, 68.9%-ni 15-62 yaşda olan əmək qabiliyyətli kişi və qadınlar, 9.2%-ni isə 62 yaşdan yuxarı olan ahıllar təşkil edir. Bundan əlavə, əhalinin 29.4%-i 95 500 nəfər olmaqla 15-29 yaş arası gənclərdən ibarətdir.

Şəhər Statistika İdarəsinin verdiyi digər bir məlumata görə, əhalinin hazırkı sayı 323791 nəfərə çatıb ki, bunun da 48.6%-ni kişilər, 51.4%-ni isə qadınlar təşkil edir.

Halbuki bu göstərici 2012-ci ilin sonuna 780 nəfər fərqlə 323011 nəfər təşkil edib.

Gəncə şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi Sürəyya Səfərova bildirib: "Bu ilin yanvar-may aylarında şəhərin qeydiyyat şöbələrində 939 nikah qeydiyyata alınıb, 199 boşanma olub. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı əhalinin hər min nəfərinə 2.3-dən 2.4-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb".

Qeyd edək ki, ümumi respublika üçün hesablamalara görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti