...

Ermənistan III enerji bloku tikməyə hazırlaşır

Cəmiyyət Materials 16 İyul 2013 13:28 (UTC +04:00)
Ermənistan hazırda III enerji blokunun tikilməsi üçün danışıqlar aparır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Ermənistan III enerji bloku tikməyə hazırlaşır

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ermənistan hazırda III enerji blokunun tikilməsi üçün danışıqlar aparır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, Rusiya artıq "Metsamor" Atom Elektik Stansiyasının (AES) ərazisində 1060 meqavat gücündə yeni reaktorun tikintisi üçün kredit ayırmağa hazırlaşır. Hazırda bununla bağlı layihələndirmə işləri aparılır. Kredit ayrıldıqdan sonra reaktorun tikintisinə başlanılacaq. Üçüncü blokun da Metsamor şəhərində olması nəzərdə tutulur.

A.Qəribovun sözlərinə görə, üçüncü blokun daha təhlükəsiz olması, burada işin tamamilə yeni prinsiplə həyata keçirilməsi planlaşdırılır.

İnstitut direktoru qeyd edib ki, enerji bloklarının tikilməsi üçün Ermənistanda su problemi var. Onun sözlərinə görə, Araz çayında soyutma sistemi üçün su kifayət qədər deyil. Beynəlxalq konvensiyalar da bu çaydan blokun fəaliyyəti üçün tələb olunan həcmdə su götürməyə imkan vermir: "Onların 1060 meqavat gücündə olan II blok üçün su ehtiyatları var. Ancaq hazırda III blokun fəaliyyəti üçün su ilə soyutma sisteminin hansı mənbədən alınması məsələsi gündəmdədir".

A.Qəribov hesab edir ki, Ermənistan heç zaman "Metsamor" AES-in fəaliyyətini dayandırmayacaq. Çünki AES bu ölkə üçün strateji imicdir. Ermənistanın əsas niyyəti nüvə ölkəsi olmaqdır: "Ermənistan həmişə bütün dünyada özünü əzilmiş dövlət, yazıq xalq kimi göstərir. Deyir ki, bu yazıq xalqın özünün mübarizəsi üçün də nüvə obyektlərinin olması lazımdır. Bu məqsədlə də başqa ölkələrdən dəstək alır. Güman edirəm ki, bu, səhv bir mövqedir. Bu aqressiya istənilən zaman idarəolunmaz vəziyyət və dünya üçün böyük problem yarada bilər. Görün, dünya İran, İraq, Şimalı Koreya məsələsində nə qədər təşviş keçirir? Kim nə bilir ki, Ermənistan bu gedişlə gedirsə, sabah nə olacaq".

Mütəxəssisin fikrincə, Ermənistan çox da uzun olmayan zaman ərzində nüvə materiallarının istehsalına başlayacaq. Onda isə bu, ən böyük problem olacaq: "O dövrdə onun gücü, mövqeyi başqa olacaq. Ona görə də bu nöqteyi-nəzərdən qonşu dövlətlər, xüsusilə də müharibə vəziyyətində yaşayan Azərbaycan bunu həmişə nəzərə almalı və özünün strateji istiqamətdə olan işlərini zəiflətməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti