...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan vəzifəli şəxsləri məhkəmə qərarından kasasiya şikayəti veriblər

Cəmiyyət Materials 6 Avqust 2013 11:26 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rəhman Yusifov və digər şəxslərin məhkəməsi başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan vəzifəli şəxsləri məhkəmə qərarından kasasiya şikayəti veriblər

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rəhman Yusifov və digər şəxslərin məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verdikləri məlum olub. Buna görə də məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəmsinin hökmü ilə Rəhman Yusifov 5 il, Şahin Əsədov 4 il, Mirabdulla Seyidov 4 il, Pərviz Rəhimov 4 il, Rəşad Əbilov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə digər təqsirləndirilən şəxslər Gülarə Əhmədova və Vüsal Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Məhkəmənin hökmü ilə Gülarə Əhmədova 2 il sınaq müddəti olmaqla 4 il, Vüsal Rzayev 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıblar.

İttihama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədovun Bakı şəhər sakinindən ünvanlı sosial yardım təyin edilməsi üçün 200 manat məbləğində pulu rüşvət kimi alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, rayon ƏSMM-nin direktoru Rəhman Yusifov 2008-2012-ci illər ərzində mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun əməkdaşları Şahin Əsədov, Mirabdulla Seyidov, Pərviz Rəhimov və Rəşad Əbilov ilə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə yaradaraq ünvanlı dövlət sosial yardım təyin edilməsi müqabilində mərkəzə müraciət etmiş 174 rayon sakinindən xidməti vəzifələrinin icrası ilə əlaqədar 193 min 354 manat məbləğində külli miqdarda pulu rüşvət kimi tələb edərək 187 min 208 manat pul alıblar.

Bundan başqa, öz cinayətkar əməllərini davam etdirən dəstə üzvlərindən Şahin Əsədov, Mirabdulla Seyidov və Pərviz Rəhimov hər biri ayrı-ayrılıqda ünvanlı sosial yardım ayrılmış vətəndaşların etibarından sui-istifadə edib aldatma yolu ilə onların plastik kartlarını ələ keçirərək bankomatlardan ümumilikdə 69 min 729 manat pulu çıxarıb külli miqdarda özgə əmlakını ələ keçirərək mənimsəyiblər.

Həmçinin mərkəzin baş mühasibi Gülarə Əhmədova plastik ödəniş kartlarının vətəndaşlara təqdim edilməsini təsdiq edən vərəqələri banka təhvil verilməsi barədə aktlara bilə-bilə yalan məlumatlar daxil edib imzalamaqla vəzifə saxtakarlığı və mütəşəkkil dəstənin dələduzluq və mənimsəmə cinayətləri törətmələrinə şərait yaradıb, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurub.

Mərkəzinin direktor müavini və Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Vüsal Rzayev isə mərkəzin əməkdaşlarına aztəminatlı ailələrə ayrılmış pul vəsaitlərini dələduzluq və mənimsəmə yolu ilə talamalarına şərait yaradaraq vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla səhlənkarlıq edib.

Törətdikləri cinayət əməllərinə görə Şahin Əsədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə və ya israfetmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma), Rəhman Yusifova CM-in 308.2 (vəzifədən sui-istifadə etmə), 311.3.1 və 311.3.3-cü, Pərviz Rəhimova CM-in 178.3.2, 179.3.2, 311.3.1 və 311.3.3-cü, Mirabdulla Seyidova CM-in 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü, Rəşad Əbilova CM-in 311.3.1 və 311.3.3-cü, Gülarə Əhmədovaya CM-in 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Vüsal Rzayevə isə CM-in 314.2-ci (səhlənkarlıq) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti