...

Azərbaycanda gülüş doğuran adlarla bağlı rəsmi açıqlama verildi

Cəmiyyət Materials 13 Sentyabr 2013 15:47 (UTC +04:00)
Azərbaycanda uşaqlara gülüş doğuran adların qoyulmasına icazə verilmir və 2011-ci ilin may ayından sonra belə bir fakt qeydə alınmayıb. Bəzi bölgələrdə uşaqlara Xiyar və Xiyarə adlarının qoyulması haqqında yayılan xəbərlər isə qətiyyən həqiqətəuyğun deyil.
Azərbaycanda gülüş doğuran adlarla bağlı rəsmi açıqlama verildi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda uşaqlara gülüş doğuran adların qoyulmasına icazə verilmir və 2011-ci ilin may ayından sonra belə bir fakt qeydə alınmayıb. Bəzi bölgələrdə uşaqlara Xiyar və Xiyarə adlarının qoyulması haqqında yayılan xəbərlər isə qətiyyən həqiqətəuyğun deyil.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Xidmətin rəisi qeyd edib ki, 12 may 2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti 79 №-li qərarı ilə "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" qüvvəyə minib. Bu qaydalar adın, ata adının və soyadın verilməsi, həmçinin soyad sonluqlarının dəyişdirilməsi prosedurunu tənzəmləyir və yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.

Reyhanə Kərimova qeyd edib ki, həmin qaydalarda adların qoyulması ilə bağlı bəzi məhdudiyyətlər müəyyənləşdirilib. Belə ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə cinsinə uyğun olmayan və gülünc adların qoyulmasına yol verilmir:

"Bəzi vətəndaşların savadsızlığı və adların qoyulması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin olmaması əvvəllər uşaqlara gülünc adların verilməsinə şərait yaradırdı. Bu adları daşıyan uşaqlar həmyaşıdlarının, eləcə də digərlərinin gülüş hədəfinə çevrilib, həyatda adları ilə əlaqədar əziyyət çəkiblər. Buna görə də yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına şərait yaradıb."

Rayon və şəhər Qeydiyyat şöbələri tərəfindən valideynlərə bununla bağlı tövsiyələr verilir. Bununla yanaşı həmin şöbələrin gülüş doğuran adları rəsmiləşdirməmək səlahiyyəti də var:

"Bir neçə gün əvvəl mətbuatda Azərbaycanda son illər uşaqlara gülüş doğuran adların qoyulması ilə bağlı yer alan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Konkret olaraq, araşdırma nəticəsində biz müəyyən etdik ki, məsələn, heç kimə Xiyar və Xiyarə adları qoyulmayıb. Yeni qaydalar qüvvəyə mindikdən sonra Azərbaycanda uşaqlara gülüş doğuran adlar qoyulmayıb və qoyula da bilməzdi. Çünki Qeydiyyat şöbələrinə bu qaydaların tətbiqinə ciddi riayət edilməsi barədə göstəriş verilib. Ola bilər ki, Qeydiyyat şöbələrinə belə müraciətlər daxil olsun. Lakin onlara "yox" cavabı verilib. Təəssüf ki, hələ də bizim vətəndaşlarımızın arasında bəzi savadsız, dünyagörüşü, təfəkkürü, düşüncəsi geridə qalanları da var."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti