Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /
Almaniyada keçirilən beynəlxalq festivalda Azərbaycan da təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Maqdeburq şəhərində "Maqdeburq dünya ilə görüşür" şüarı ilə keçirilən beynəlxalq festivalda yəhudi, rus, Ukrayna, Çin, bolqar təşkilatları ilə yanaşı, ölkənin Zakhsen-Anhalt vilayətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti də iştirak edib.
Birgünlük festivalda digər xalqlarla yanaşı, Azərbaycan cəmiyyəti də özünün stendində ölkəmiz haqqında kitablar, bukletlər, kataloqlar, yazarlarımızın alman dilinə tərcümə edilmiş əsərləri və s. sərgilənib. Tədbir boyu Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev və Maqdeburq Universitetinin tələbəsi Rüstəm Tahirov yerli sakinlərə, eləcə də Maqdeburqun qonaqlarına Azərbaycanın zəngin coğrafiyası, tarixi, mədəniyyəti, mətbəxi və Qarabağ həqiqətləri barədə geniş məlumat veriblər. Festivala qatılanlar Azərbaycan çayı və şirniyyatına qonaq ediliblər, onlara Azərbaycan haqqında kitab və bukletlər hədiyyə olunub.
Qeyd edək ki, "Maqdeburq dünya ilə görüşür" beynəlxalq festivalı hər il keçirilir. Fesitvalda yerli və Maqdeburq şəhərində yaşayan müxtəlif xalqların cəmiyyətləri təmsil olunaraq öz adət-ənənəsini, mədəniyyətini, tarixini təbliğ edirlər.