Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Qış turizm mövsümündə turistlər üçün yeni xidmətlər təklif olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi nəzdində "Şahdağ" Qış-Yay Turizm Kompleksi Müdiriyyətindən Trend-ə verilən məlumata görə, bu mövsüm üçün yeni hotelin, turistlər üçün qar motosikletlərinin istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Müdiriyyət turistlər üçün atla gəzintilər, dağlarda turnirlər təşkil etmək niyyətindədir. Hazırda dağ turnirlərinin təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılır.
Məlumata görə, qış turizm mövsümünün dekabrın ortalarında açılması planlaşdırır. Mövsümün dəqiq açılma tarixi hava şəraitinin necə keçməsindən asılı olaraq müəyyən ediləcək: "Xizək yollarının olması üçün gərək havanın temperaturu mənfi olsun. Əgər dekabrın əvvəllərində hava soyuq olsa, onda 10-15 gün ərzində hazırlıq işləri aparılacaq və dekabrın ortalarından mövsüm açıq elan ediləcək".
Qeyd edək ki, turizm sahəsində miqyasına görə ən iri layihə çərçivəsində yaradılan "Şahdağ" Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleksin 2058 hektar ərazisi var. "Şahdağ" Qış-Yay Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.
Kompleksdə bütün obyektlərin inşası həyata keçirildikdən sonra kurort gündəlik olaraq on min turisti qəbul etmək iqtidarında olacaq.