Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalyeva/
"Xəzər dənizində mnemiopsislərin düşməni yoxdur. Hesab edirəm ki, vəziyyət sabitləşəcək". Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Qara dənizdə də bu probledm ağır mərhələyə gəlib çatmışdı. Sonra mərhələ ilə ona qarşı təbiət özü tədbir görə bildi: "Amma bilirəm ki, 5 ölkəni birləşdirən Xəzər Bioresursları Komissiyası bunun üzərində işləyir. Onlar ayrı-ayrı sahələrdə araşdırma aparırlar. Başqa bir canlının mnemiopsislərin öhdəsindən gələ biləcəyi yoxlanılıb. Ancaq təhlükə ondadır ki, həmin canlı Xəzərə buraxılsa, o, mnemiopsislərdən sonra nəyi yeyəcək? Bu, sualdır. Ona görə də biz narahatıq".
Qeyd edək ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov Trend-ə bildirmişdi ki, Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayı təxminən 10 dəfə azalıb.