Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/
2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alınıb, bununla da dövlət qeydiyyatından keçmiş dini qurumların ümumi sayı 588-ə çatıb.
Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirdə komitə sədri Elşad İskəndərov bildirib.
E.İskəndərov əlavə edib ki, ötən il 688 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb.
Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 209 adda dini ədəbiyyat təqdim olunub, onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib.
Komitə sədri qeyd edib ki, son zamanlar Azərbaycanda təhlükə doğuran dini radikalizmə, ölkədə dini tolerantlığı pozan qüvvələrə qarşı hamı birləşməlidir. Onun fikrincə, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi üçün dini icmalara dəstək verilməlidir.