Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) "Komissiyanın 2013-cü il üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatları" mövzusunda tədbir keçirib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP), Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliklərinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iştirakçıları, eləcə də ictimaiyyəti Komissiyanın 2013-cü il üzrə illik hesabatı ilə və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatla tanış etməkdir.
DQMK-nın fəaliyyətə başladığı gündən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrin şəffaf və açıq olması üçün daim yeniliklər tətbiq etdiyini bildirən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn qeyd edib ki, növbəti yenilik dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının onlayn izlənilməsi imkanı olub. Artıq Azərbaycan vətəndaşları, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə bilirlər.
A.Hüseyn vurğulayıb ki, yeniliklərin tətbiq edilməsi 2014-cü ildə də davam etdiriləcək.
Onun sözlərinə görə, 2013-cü il 16 aprel, 1 və 7 may tarixlərdə elan edilmiş müsabiqələrdə 94 dövlət orqanı 1005 vakant dövlət qulluğu vəzifəsi, 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərdə elan edilmiş müsabiqələrdə isə 99 dövlət orqanı 1065 vakant dövlət qulluğu vəzifəsi təqdim edib. Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 12 520 namizəd onlayn qeydiyyatdan keçib.
A.Hüseyn əlavə edib ki, 2013-cü ilin aprel və may aylarında elan edilmiş müsabiqə nəticəsində 383 nəfər vəzifəyə uyğun hesab edilib, 228 nəfər isə vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Oktyabr və noyabr aylarında elan edilmiş müsabiqələrin isə hazırda müsahibə mərhələsi davam edir.
A.Hüseynin sözlərinə görə, ümumilikdə Komissiya yaranan gündən etibarən 4000-dən artıq insan dövlət qulluğuna qəbul edilib.