Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
2014-2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə 38 111 plan yeri ayrılıb.
Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti tədris ili üçün ali məktəblərə qəbul planı 3,95%, yaxud 1449 yer artıb.
Müxtəlif hərbi və xüsusi təyinatlı məktəblər istisna edilsə, I qrupda plan yerlərinin sayında artım təxminən 4%, II qrupda təxminən 7%, III qrupda 0,5%, IV qrupda isə 0,8%-dir.
Komissiya sədrinin sözlərinə görə, qəbul planında dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 1,26% artıb.
Bu il I ixtisas qrupunda dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 7% artıb, II qrupda 35% azalıb, III qrupda 7%, IV qrupda isə təxminən 8% artıb.
M.Abbaszadə əsas müsabiqə vəziyyətinin dövlət sifarişli yerlər üzrə olduğunu da xatırladıb.
Komissiya sədri bildirib ki, yeni tədris ili üçün ali məktəblərə qəbul planı tərtib edilərkən Təhsil Nazirliyinin razılığı və universitetlərin xahişi ilə müəyyən ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə plan yerləri ayrı verilib: "Buna görə də həmin ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə müsabiqə ayrı-ayrılıqda aparılacaq. Keçən il isə əksər ixtisaslarda müsabiqə birgə aparılırdı. Univesitetlər bildiriblər ki, müsabiqə birgə aparıldıqda onlar üçün qrupların formalaşdırılması çətin olur. Ancaq müəyyən univesitetlər bununla razılaşmayaraq plan yerlərini rus və Azərbaycan bölmələri üzrə birgə veriblər".
TQDK sədri deyib ki, builki qəbul imtahanlarında rus bölməsi üzrə müsabiqə vəziyyətinin və keçid ballarının aşağı olacağı gözlənilir.
M.Abbaszadə onu da əlavə edib ki, növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə 38 universitet üçün 6565 plan yeri ayrılıb. Qəbul planında qiyabi təhsil forması üzrə plan yerləri ayrılmayıb. Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə plan yerləri ötən illə müqayisədə azalıb: "Burada narahatedici heç nə yoxdur. Çünki ötən il 6964 plan yeri ayrılsa da, həmin yerlərə 5500 nəfər bakalavr qəbul olunmuşdu".