...

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 6 May 2014 15:32 (UTC +04:00)
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, ölkədə təhsil islahatlarına başlanılması, təhsil sahəsində öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəldilmiş bir sıra dövlət proqramlarının qəbulu Heydər Əliyevin mövqeyi nəticəsində mümkün olub. M.Cabbarov qeyd edib ki, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Respublika mərhələsinin iştirakçıları arasında 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı kitabda çap edilib.

Müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Onlardan 10 nəfəri VIII, 29-u X, 28-i isə XI sinif şagirdidir. İlk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər, orta ixtisas məktəblərini isə 9 nəfər təmsil edib. Mart ayında yekunlaşan inşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən çox şagird iştirak edib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. Ə.Əhmədov müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın salamlarını toplantı iştirakçılarına çatdırıb və qaliblərin hər birini təbrik edib. Onun sözlərinə görə, bu il 10 may tarixində Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə yanaşı, Heydər Əliyev Fondunun 10 illik yubileyi qeyd olunacaq.

İnşa yazı müsabiqəsinin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirən A.Әləkbərov deyib ki, Heydər Əliyev Fondunun da əsas məqsədi Heydər Əliyev irsini dərindən öyrənmək və gənclərə çatdırmaqdır.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, onlara istədikləri ali məktəblərə qəbul olmalarını arzu edib. Nazir qeyd edib ki, Azərbaycanda informasiya texnologiyaları sahəsi getdikcə inkişaf edir. Beynəlxalq təşkilatların hesabatlarında da bu amil nəzərə alınır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, "Heydər Əliyev şagirdlərin gözü ilə" inşa yazı müsabiqəsi şagirdlərin istedadlarının üzə çıxarılması və onların stimullaşdırılması üçün böyük əhəmiyyət kəsb edir: "Bu müsabiqə vasitəsilə şagirdlərimiz ulu öndərin Azərbaycan tarixindəki xidmətlərini, onun xalqımıza verdiyi töhfələri anır, həm də öz istedadlarını ortaya qoyurlar. Hesab edirəm ki, artıq bir neçə ildir ki, təşkil edilən bu müsabiqə gözəl bir ənənəyə çevrilib və bundan sonra da bu ənənə davam etdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti