...

Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq (FOTO)

Cəmiyyət Materials 14 May 2014 13:53 (UTC +04:00)
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlayıb.
Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlayıb.

Trend-in məlumatına görə, qonaq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin rəhbərliyi və kollektivi ilə birgə əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə əklil qoyulub. Qonaq görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib. Sonra Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edilib, əbədi məşəl önünə əklil qoyularaq şəhidlərin ruhu yad olunub.

Səfər çərçivəsində bu gün Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Müasir iqtisadiyyatda əqli mülkiyyət" mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Təşkilatın ikinci dəfə baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edir.

Azərbaycan Respublikası BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olmuşdur. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulub. 2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində "Əməkdaşlıq Proqramı" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti