...

Azərbaycanda fərdi evlərin sahibləri bələdiyyələrə əmlak vergilərini yeni qaydada ödəyəcəklər

Cəmiyyət Materials 19 May 2014 16:04 (UTC +04:00)
Azərbaycanda bələdiyyə ərazisində yerləşən fərdi evlərin sahibləri bələdiyyələrə əmlak vergilərini yeni qaydada ödəyəcəklər.
Azərbaycanda fərdi evlərin sahibləri bələdiyyələrə əmlak vergilərini yeni qaydada ödəyəcəklər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bələdiyyə ərazisində yerləşən fərdi evlərin sahibləri bələdiyyələrə əmlak vergilərini yeni qaydada ödəyəcəklər.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Trend-ə bildirib ki, bələdiyyələrlə bağlı qanunvericiliyə yeni dəyişikliklər artıq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Həmin dəyişikliklərə əsasən, ev sahibləri tərəfindən bələdiyyələrə ödənilən əmlak vergisi həmin evin sahəsinə uyğun hesablanacaq. Yeni dəyişikliklər əsasında hər kvadratmetrə görə bələdiyyəyə ödənilməli olan verginin məbləği konkert olaraq müəyyənləşdirilib.

T.Rzayev deyib ki, Bakı şəhərində fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələri üçün hər kvadratmetrə görə 1,2 manat, fiziki şəxslərin mülkiyyətində olan yaşayış sahələri üçün hər kvadratmetrə görə 0,4 manat ödənilməsi müəyyən edilib. Rayonlarda isə bu vəsait daha az məbləğdə müəyyənləşdirilib. Təsərrüfat xarakterli yerlər - əkin sahələri üçün hər 1000 metrə görə vergi müəyyən edilib.

O, qeyd edib ki, hazırda bələdiyyələrə verginin ödənilməsi üçün binanın dəyərinin qiymətləndirilməsi lazımdır. Ancaq bəzən evlər qiymətləndirilmirdi. Eyni zamanda, qiymətləndirmə zamanı da müəyyən neqativ hallar olurdu: "İndi konkret olaraq, vergi kvadratmetrə görə hesablanacaq. Bu, daha yaxşıdır. Çünki adamlar bəzən evi qiymətləndirmirlər. Rayonlarda çox evlər hələ də qiymətləndirilməyib. Digər tərəfdən, evlər 5 ildən bir köhnəlir, yenidən qiymətləndirilməlidir. Bu da həddindən çox çətinliklər yaradır. Elə adamlar var ki, villasının dəyəri 1 milyon manat olduğu halda onu 50 min manata qiymətləndirir, vergini də 50 min manata görə ödəyir. Amma indi gedib görəcəklər ki, evin kvadratmerti budur, vergini də buna görə ver. Bu, çox asan yoldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti