Azərbaycan, Bakı, 23 may /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq, 21 may 2014-cü il tarixdə Salyan dəmir yolu stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilmişdir.
QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Salyan dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələri işçiləri təlimə cəlb olunmuşdur.
Təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak edirdlilər.
Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və Hərəkətin təhlükəsizliyi üzrə Baş texniki müfəttişi Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilmişdir.
Salyan qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri, stansiyasının rəisi Səxavət İlyasov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində bir yük vaqonu relsdən düşmüşdür, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş vermişdir, stansiyanın xidməti binaların bəzi sahələrində uçqunlar olmuşdur, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.
Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verildi. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə etdi.
Müvəqqəti rabitə bərpa edildi. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü. Yaralılar ərazidən kənarlaşdırıldı, xilasetmə qrupu əraziyə daxil oldu. Yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. Bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başladı.
Bərpa işləri başa çatandan sonra hər bir manqa komandiri MM Qərargahı rəhbərinə məruzə etdi. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.
Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Yük daşımaları Departametinin baş mühəndisi Nəriman Nağıyev, Mühafizə İdarəsinin rəis müavini Füzuli Cəfərov və stansiyanın rəhbər işçiləri iştirak edirdilər.