...

Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfərə gedir

Cəmiyyət Materials 11 İyul 2014 10:38 (UTC +04:00)
Səfər çərçivəsində Azay Quliyevin Polşa parlamentinin deputatları və Şura ilə əməkdaşlıq edən bir sıra nüfuzlu QHT-lərlə görüşü planlaşdırılır.
Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti
Polşaya səfərə gedir

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın "Avropa Təhsil və İnkişaf Fondu" (ATİF) tərəfindən həyata keçirilən "Ölkələrarası Körpülərin Qurulması" layihəsi çərçivəsində Varşavada ölkəmizə həsr edilmiş fotosərgi və konfransda iştirak etmək üçün 12-15 iyul tarixlərində Polşada səfərdə olacaq. Bu barədə Trend-ə Şuradan məlumat verilib.

Şuranın maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi Azərbaycan və Polşa mədəniyyətlərinin qarşılıqlı əlaqəsini təbliğ etmək, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Polşa ictimaiyyətinə obyektiv və dolğun informasiya verməkdir.

Qeyd edək ki, layihəyə uyğun olaraq təşkilatın jurnalist və fotoqraflardan ibarət nümayəndə heyəti bu ilin aprel ayında ölkəmizə səfər edərək Azərbaycanın müxtəlif bölgələrində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın və məcburi köçkün qəsəbələrində və turizm ərazilərində foto çəkilişlər aparıblar.

Varşava şəhərinin tanınmış Mito qalereyasında iyulun 13-də təşkil olunan sərginin açılışından sonra son 20 ildə hər iki ölkədə baş verən müsbət dəyişikliklərə və inkişaf planlarına həsr olunan konfrans işinə başlayacaq. Toplantıda Şura sədri Azay Quliyev olkəmizin dinamik inkişafı, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edəcək.

Hər iki tədbirdə Varşava şəhər rəhbərliyi, hökumət və parlament nümayəndələri, Varşava Həyat Elmləri Universitetinin professor-müəllim heyəti, Beynəlxaq Münasibətlər Araşdırmalar İnstitutunun və yerli medianın təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində Azay Quliyevin Polşa parlamentinin deputatları və Şura ilə əməkdaşlıq edən bir sıra nüfuzlu QHT-lərlə görüşü planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti