Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
9 sentyabr 2014-cü il tarixdən başlayaraq Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə start verilib. 14-21 sentyabr tarixləri arasında davam edəcək Olimpiya Oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan gənclər və idman naziri Azad Rəhimov Belçikaya yola düşüb.
Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları ərəfəsində Belçikanın Lommel şəhəri Bakı şəhəri ilə sıx əlaqələrə əsasən 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Ən maraqlı məqamlardan biri Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibətilə orada abidənin açılış mərasiminin keçirilməsi olacaq. Açılış mərasimində gənclər və idman naziri A.Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.
Lommel şəhərində ölkəmizin və Bakı-2015 Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkil olunması və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək.