Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/
Nəqliyyat Nazirliyi sərnişin avtobuslarının iştirakı ilə qəzaların sayının azaldılması və ictimai nəqliyyatda təhlükəsizliyin artırılması üzrə işləri davam etdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə görə, sərnişin avtobuslarının iştirakı ilə qəzalar nazirliyi çox narahat edir və bu halların sayının minimuma endirilməsi istiqamətində fəal və olduqca sərt tədbirlər görülür: "Tərəfimizdən olduqca sərt tədbirlər görülür, lakin əksər hallarda onlar insan amili ilə əlaqədardır. Aparılan işlərə baxmayaraq, lazımi nəticələri əldə etməmişik".
Nazir müavini qeyd edib ki, ictimai nəqliyyatla bağlı qəzaların və bədbəxt hadisələrin sayının xeyli azalmasına rəğmən, bu nəticə hələ Nəqliyyat Nazirliyi qane etmir: Bu göstəricini minimuma endirmək məqsədi ilə nazirlik fəal işləri davam etdirəcək".
Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev demişdi ki, bu ilin ilk yarısı ərzində Azərbaycan yollarında baş verən qəzalarda 512 nəfər ölüb.
Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb: "Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayında kifayət qədər azalma müşahidə olunub. Belə ki, qəzaların sayı 150 fakt (11%), ölənlərin sayı 44 nəfər (8%), yaralananların sayı isə 218 (15%) nəfər azalıb. Baxmayaraq ki, ötən il ölkəyə 30 mindən artıq nəqliyyat vasitəsi gətirilib, bu fonda bu azalma faktı çox müsbət haldır".