Azərbaycan, Bakı, 7 noyabr /Trend/
"İki sahil" qəzeti Neft Daşlarının 65 illiyi münasibəti ilə rəngli və yüksək dizaynlı xüsusi buraxılış hazırlayıb. Buraxılışın üz qabığında ümummilli lider Heydər Əliyevlə Prezident İlham Əliyevin şəkilləri əks olunmaqla hər iki dövlət xadiminin Neft Daşları ilə bağlı məzmunlu və dəyərli fikirləri əks olunub.
Ulu öndərin "Neft Daşları XX əsrdən XX1 əsrə atılmış korpüdür" sözləri bu məkanın ölkəmiz üçün böyük iqtisadi dəyərinin olduğunu bir daha sübut edir.
Buraxılışda ulu öndərin Neft Daşlarında olduğu müxtəlif dövrləri əhatə edən "Ümumilli lider Heydər Əliyev Neft Daşlarında" başlıqlı geniş məqalə və şəkillər yerləşdirilib. Burada ulu öndərin Neft Daşları ilə bağlı maraqlı fikirlərini oxumaq mümkündür.
Eyni zamanda, xüsusi buraxılışda Prezident İlham Əliyevin Neft Daşlarına səfərlərini əhatə edən yazılar və şəkillərə geniş yer verilib. Ölkəmizin başçısının söylədiyi "Neft Daşları Azərbaycan xalqının , Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir" fikri ilə başlayan məqalədə möhtərəm Prezidentimizin bu əfsanələr məkanın inkişafına dair göstəriş və tapşırıqları əks etdirilib.
Xüsusi buraxılışda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin hesabat xarakterli geniş məqaləsində Neft Daşlarının ötən dövrləri və bu günü barədə əhatəli məlumat verilməklə, bu möcüzələr qəsəbəsinin 65 illik yubileyi neft qaz sənayesi tarixində əlamətdar hadisə kimi dəyərləndirilir.
Buraxılışda oxucular ARDNŞ- in birinci vitse- prezidenti, AMEA-nın akademiki Xoşbəxt Yusifzadənin "Gəncliyimizin yadigarı" başlıqlı maraqlı və məzmunlu yazısını da oxuya biləcəklər. Yazıda Xoşbəxt Yusifzadə maraqlı xatirələrini də qələmə alıb.
Həmçinin, ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımovun "Neft Daşları neftçilər üçün böyük təcrübə məktəbidir" başlıqlı yazısında buradakı çətin və lakin şərəfli neftçi əməyindən söhbət açılır.
ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun "Əfsanəvi Neft daşları: Qəhrəmanlıq təntənəsi" başlıqlı digər bir məqalədə onun buradakı xatirələri yer alıb.
ARDNŞ-nin vitse- prezidenti Rəhman Qurbanovun da Xüsusi buraxılışda "Neft Daşları igid insan məskəni, böyük hünər meydanıdır" adlı məqaləsində Neft Daşlarının dünyada dəniz neft çıxarmasının pioneri olduğu vurğulanır.
Xüsusi buraxılışda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin, ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, "Neft Daşları" NQÇİ-nin rəisi Qoçalı Mahmudovun, İdarənin baş mühəndisi Balamirzə Ağarəhimovun, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin, ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun, ARDNŞ-nin "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasovun, ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin və "Neft Daşları" NQÇİ-nin əməkdaşlarının məqalələri və xoş təəssüratlarına da geniş yer verilib.
Sonda xüsusi buraxılış Neft Daşları haqqında çox maraqlı və zəngin tarixi xronika ilə tamamlanır.