...

Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2014 14:30 (UTC +04:00)
12 noyabr – Konstitusiya Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə tədbir keçirib.
Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

12 noyabr - Konstitusiya Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına təminat verən mükəmməl hüquqi sənəd kimi dəyərləndirib.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biri olmaqla, hüquqi dövlətin təməl prinsiplərini müəyyənləşdirib. Vüqar Rəhimzadə vurğulayıb ki, özündə insan və vətəndaş hüquqlarını və vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edən bu Konstitusiyanın qəbul edilməsi dövlətimizin həyatında baş vermiş mühüm ictimai-siyasi hadisələrdən biridir.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırıb ki, Azərbaycanda Sovet hakimiyyəti dövründə konstitusiya dəfələrlə dəyişdirilsə də, onlar bir qayda olaraq imperiyanın mənafelərinə xidmət edirdi. Nəhayət, 18 il əvvəl qəbul olunmuş ilk milli Konstitusiyamız Azərbaycan xalqının seçdiyi yolun, arzu və istəklərinin təcəssümü olaraq meydana çıxıb.

Milli Məclisin deputatı Flora Qasımova söyləyib ki, ümummilli lider Heydər Əliyevin şah əsəri sayılan, müasir demokratik amilləri əks etdirən konstitusiyamız Azərbaycan qanunlarının özəyini təşkil edir.
YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin üzvü Asif Əliyev qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkənin iqtisadi inkişafı və xalqın rifahının yüksəlməsində, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayır.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, ümummilli lider Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri olan bu Konstitusiya zaman keçdikcə daha da təkmilləşdirilir və müasir dövrün tələbinə uyğun müddəalarla zənginləşdirilir: "Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni konstitusiyaya ehtiyac var idi. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və sənədin layihəsi ümumxalq səsverməsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuşdur".

Tahir Budaqov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin əsasında insan amilinin dayandığı, demokratik cəmiyyət quruculuğunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi əlavə edib.

Çıxışlardan sonra partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti