...

Nizami rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2014 16:30 (UTC +04:00)
Beynəlxalq Əlillər Günü ərəfəsində Nizami rayonunda “Ay işığı” şadlıq sarayında “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.
Nizami rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib (FOTO)

Beynəlxalq Əlillər Günü ərəfəsində Nizami rayonunda "Ay işığı" şadlıq sarayında "Qayğı" Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, "Qayğı" Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri, YAP Nizami rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin üzvü Sevinc Abdullayeva və başqaları çıxış edərək bildiriblər ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Ölkəmizin hər yerində olduğu kimi, Nizami rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi qeyd edilib.

Tədbirdə çıxış edənlər gündən-günə çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq, Daun Sindromlu Şəxslərin Reabilitasiya və "Qayğı" Uşaq Reabilitasiya mərkəzlərinin kollektivlərinin ifasında musiqili proqram nümayiş etdirilib.

Sonda uşaqlara hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti